Türkiyəyə ardıcıl səfərlər: Nə baş verir? – ÖZƏL

İyunun 19-da Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri baş tutacaq. Bir gün sonra - iyunun 20-də isə Ermənistanın Baş naziri Nikol Paşinyanın eyni istiqamətdə - Türkiyəyə səfəri nəzərdə tutulur. Cənubi Qafqazda baş verən gərgin və sürətlə dəyişən geosiyasi proseslər fonunda bu ardıcıl səfərlər regionda yeni siyasi dinamikaya işarə edir. İndi diqqətlər Ankaraya yönəlib: bu səfərlərdə hansı mövzuların gündəmə gələcəyi və hansı qərarların veriləcəyi ciddi maraq doğurur.

"Güney Qafqazdakı mövcud vəziyyət, İran və İsrail arasında yaşanan qarşıdurma, regiona Türkiyənin təsiri və bu fonda Türkiyə ilə region dövlətləri arasındakı münasibətlərin gələcək perspektivləri, şübhəsiz ki, müzakirə mövzusu olacaqdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. O qeyd edib ki, Güney Qafqazda Rusiya təsiri zəiflədikcə,  Azərbaycan və Ermənistanın Türkiyə ilə əməkdaşlığı bölgədə yeni güc balansı formalaşdırır:

"Güney Qafqazda uzun illər Rusiya əsas söz sahibi olub və bölgədə proseslərə yön verib. Lakin Ukrayna-Rusiya müharibəsi fonunda Rusiyanın bölgədəki təsir gücünün tədricən azaldığını müşahidə edirik. Bundan əlavə, Ermənistanın Baş naziri Nikol Paşinyan da artıq açıq şəkildə Rusiya ilə yola getmədiyini nümayiş etdirir.
Təbii ki, Azərbaycan da xeyli dərəcədə müstəqil və balanslı siyasət yürüdür. Bu kontekstdə həm Ermənistanın, həm də Azərbaycanın Türkiyə ilə əməkdaşlığa önəm verməsi - bir tərəfdən bu ölkələrin Güney Qafqazda apardıqları siyasətin güclənməsi, digər tərəfdən isə Türkiyənin bölgədə artan nüfuzu baxımından olduqca əhəmiyyətlidir. Bu, hər iki tərəf üçün faydalı bir əməkdaşlıq modeli formalaşdırır".

Siyasi şərhçinin sözlərinə görə, Paşinyanın Türkiyəyə səfəri bölgədə təhlükəsizlik və Türkiyənin artan təsiri baxımından strateji əhəmiyyət daşıyır.

"Ermənistan Baş nazirinin Türkiyəyə səfəri təsadüfi sayıla bilməz. Bəzən geosiyasi proseslər elə bir mərhələyə çatır ki, müəyyən məsələlərlə bağlı dərhal qərar qəbul etmək zərurəti yaranır. Hazırda dünya və region ekstremal bir mərhələdən keçir və belə şəraitdə tərəflər arasında sıx təmaslar daha da aktuallaşır. Ola bilsin ki, səfər zamanı açıqlanmayan və ya ictimaiyyətə bəlli olmayan başqa vacib mövzular da müzakirə olunsun.
Bütün hallarda hesab edirəm ki, bu səfərlər bölgədə təhlükəsizliyin təmin olunması və Türkiyənin Cənubi Qafqazda artan təsirinin davam etməsi baxımından əhəmiyyətli və strateji xarakter daşıyır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31