"Ukrayna ikinci plana keçmir, sadəcə diqqət mərkəzi dəyişir"- Həşim Səhrablı- ÖZƏL
15:02 Siyasətİran-İsrail gərginliyi fonunda ABŞ diqqətini Yaxın Şərqə yönəldib. Ukrayna isə hərbi yardımda gecikmələrlə üzləşir. ABŞ müdafiə naziri Kiyevin artıq Avropanın problemi olduğunu deyib. ABŞ-nin mövqeyi Ukraynanın təhlükəsizliyi üçün nə qədər risklidir?
Politoloq Həşim Səhrablı mövzu ilə bağlı Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edir ki, Ukrayna unudulmayıb, sadəcə indi diqqət Yaxın Şərqdəki qısamüddətli gərginliyə yönəlib: "Amerikanın resurslarını Ukraynadan ayıraraq Yaxın Şərqə yönəltməsi,bir az müvəqqəti xarakter daşıyan məsələdir. Çünki İsrail-İran münaqişəsi çox uzun müddət davam edən bir əməliyyatlar zənciri olmayacaq. Gözləmək olar ki, bu əməliyyatlar yaxın bir neçə gün ərzində Amerika və İran arasında müəyyən razılaşmanın əldə olunması və bundan sonra da ABŞ-nin İsrailə təzyiq göstərməsi ilə başa çatacaq.
Bundan sonra Amerika tərəfi yenidən diqqətini Ukraynadakı maraqlarına tam şəkildə yönəldəcək. Burada ziddiyyətli məsələlərdən və anlaşılmazlıq yaradan məqamlardan biri kimi Donald Trampın Zelenskiyə qarşı olan münasibəti ön plana çıxır. Amma burada yanılmamaq lazımdır. Donald Tramp elə bir ölkənin rəhbəridir ki, orada bütün qərarlar birmənalı şəkildə prezident tərəfindən qəbul edilmir. Yəni prezidentin, xüsusən də müharibə ilə bağlı məsələlərdə, senata rəğmən müəyyən səlahiyyətləri olsa da, bu, tam müstəsna səlahiyyətlər deyil.
Amerika siyasətini və maraqlarını dərindən araşdıranda, onun Şərqi Avropadakı maraqlarını nəzərə alanda görürük ki, Trampın Zelenskiyə qarşı nifrəti və ya Ukraynada fərqli bir siyasi elita formalaşdırmaq niyyəti hələ də ABŞ-də-daxili siyasi arenada tam dəstək qazanmayıb. Bu istiqamətdə fikir ayrılıqları davam edir. Yəni, Donald Tramp istəsə də, istəməsə də, Rusiya ilə barışmağa, sanksiyaları yumşaltmağa, qarşılıqlı ticarəti bərpa etməyə və bununla iqtisadi dividendlər qazanmağa çalışsa da, Amerikanın dövlət maraqları hələ ki, uzun illərin təcrübəsinə əsaslanaraq Avropa ilə əlaqələrin davam etdirilməsini zəruri sayır.
Yaxın Şərq münaqişəsində də ABŞ, başda Böyük Britaniya olmaqla digər müttəfiqlərinin İsrail-İran qarşıdurmasına necə yanaşdıqlarını diqqətlə izləyir və bu yanaşmaları əsas götürür. Hətta bir çox hallarda Böyük Britaniyadan bu məsələdə yardım da alır. Yəni ABŞ üçün dünya siyasəti təkcə Şərqi Avropadan ibarət deyil. Yalnız Şərqi Avropada dəyişiklik etməklə ABŞ digər regionlarda məqsədlərinə çata bilməz. Bu, Amerikanın öz maraqlarına da zərbə ola bilər.
Avropa bu gün öz təhlükəsizliyini Şərqi Avropadan gələn Rusiya təhlükəsi fonunda qiymətləndirir. Bunun qarşılığında isə ABŞ köhnə müttəfiqlərinin və əsas tərəfdaşlarının maraqlarını nəzərə almağa məcburdur. Çünki həmin müttəfiqlər sabah Yaxın Şərqdə ABŞ-ə dəstək verməlidirlər ki, ABŞ da orada maraqlarını təmin edə bilsin. Bu müttəfiqlərə ABŞ-nin ehtiyacı var ki, qlobal bazarlarda və iqtisadiyyatda Çin hegemoniyasının formalaşmasının qarşısı alınsın. Eləcə də həmin müttəfiqlərlə əlaqələr vacibdir ki, ABŞ Afrika siyasətində Çin sərmayəsinin və hərbi texnologiyalarının yayılmasının qarşısını ala bilsin. Sakit okean hövzəsindəki maraqlarını qorumaq üçün də ABŞ-nin yenidən Avropadakı müttəfiqlərinə ehtiyacı var.
Bütün bu kontekstdən yanaşanda görürük ki, ABŞ Ukrayna məsələsini unutmur - nə özü, nə də Donald Tramp. Sadəcə bu gün daha aktual və qlobal fəsadları olan bir münaqişə - Yaxın Şərqdə müharibə ehtimalı ortaya çıxıb. Məhz buna görə Böyük Britaniya da öz qırıcı təyyarələrini və digər hərbi imkanlarını bölgəyə yönəldib. Bu, o demək deyil ki, onlar Ukraynanı tək qoyublar və ya artıq Ukraynaya dəstək verməyəcəklər, yaxud da Rusiya ilə razılaşıb Ukraynanı qurban verəcəklər. Xeyr, bu, onların öz gələcəklərini sual altına qoyması ilə nəticələnə bilər.
Rusiyanın məhz bu günlərdə Kiyevi kütləvi şəkildə bombalaması da dediklərimizin bir növ sübutudur. Çünki Rusiya kimi böyük bir ölkə əgər özündən dəfələrlə zəif olan Ukraynaya zərbə endirmək və oradakı məqsədlərinə çatmaq üçün fürsət gözləyirsə, bu o deməkdir ki, nələrsə Rusiyanın maraqları baxımından yolunda getmir. Rusiyanın tam qələbə qazanması üçün əlavə resurslara və fürsətlərə ehtiyacı var. Yaxın Şərqdə münaqişənin alovlanması və diqqətin ora yönəlməsi Rusiyanın Ukrayna cəbhəsində çətinliklərlə üzləşdiyinin göstəricisidir. Belə bir vəziyyətdə nə ABŞ, nə də digər Avropa dövlətləri Rusiyaya yol açmaq istəməzlər. Çünki bundan sonra Çinlə yanaşı Rusiyanı da cilovlamaq daha çətinləşə bilər və bu da onların öz maraqlarına ciddi təhlükə yaradar".
Zeynəb Mustafazadə