Dezinformasiyaya qarşı cəbhə halında dayanmalı, mövqe ortaya qoymalı və qarşısını almalıyıq- ÖZƏL
14:15 Siyasət"İran-İsrail müharibəsi başladığı andan Azərbaycan dövləti prosesi diqqətlə izləyir. Əlbəttə ki, xüsusilə də Güney Azərbaycandakı soydaşlarımız başda olmaqla, İran ərazisində yaşayan türklərin bu prosesdən zərərsiz çıxması bizim üçün də önəmlidir." Bu fikirləri Olaylar.az-a siyasi şərhçi Azər Həsrət deyib: "Azərbaycan dövləti, təbii ki, bu müharibədə tərəf deyil - bunu rəsmi orqanlarımız artıq bəyan ediblər. Lakin tərəf olmamaq o demək deyil ki, biz orada baş verən proseslərə sadəcə müşahidəçi qala bilərik. Qala bilmərik, çünki ən azı İran ərazisinin yarısı türklərdən ibarətdir - yəni bizim soydaşlarımızdır."
Azər Həsrətin sözlərinə görə bu səbəbdən Azərbaycan dövləti öz kanalları ilə İsrail tərəfinə bu mesajı çatdırır ki, əməliyyatlar zamanı diqqətli olsunlar, mülki insanların, şəhərlərin və kəndlərin dağıdılmaması üçün maksimum səy göstərsinlər:"
Əslində, Azərbaycanın ilkin müraciəti barədə məlumat yayıldıqdan sonra keçən iki gün ərzində görürük ki, İsrail tərəfi həqiqətən də Güney Azərbaycan ərazilərinə hücumları səngidib. Təbii ki, mülki əhaliyə atəş açılmır və ümumiyyətlə, oradakı legitim hərbi hədəflərin vurulmasında da bir səngimə müşahidə olunur.Bu da İsrail tərəfinin Azərbaycan dövlətinin çağırışını nəzərə alması kimi qiymətləndirilməlidir.Lakin Azərbaycan dövlətinin bu məsələyə təkrar-təkrar qayıtması onu göstərir ki, biz həm İrana, həm dünyaya, həm də dost və düşmənə çatdırırıq: Güney Azərbaycanda və ümumilikdə İran ərazisindəki türklərlə bağlı proseslərə biganə deyilik, daim diqqətimizi bu məsələnin üzərində saxlayırıq. Bu, çox vacib məqamdır.
Yeri gəlmişkən deyim ki, neçə gündür İran təbliğatının uzantıları Azərbaycan Respublikasında, eləcə də qardaş Türkiyədə geniş təbliğat işinə başlayıblar. İddia edirlər ki, guya İsrail Təbriz başda olmaqla Güney Azərbaycan şəhərlərini bombalayır, dinc əhalini, körpələri öldürür və s.
Biz isə günlərdir bu cür iddialar irəli sürənlərdən bircə görüntü təqdim etmələrini istəyirik, lakin bu günə qədər heç bir sübut ala bilməmişik. Ortada fakt yoxdur, lakin dezinformasiya mövcuddur. Bu dezinformasiyaya qarşı isə əlbəttə ki, birlikdə, cəbhə halında dayanmalı, mövqe ortaya qoymalı və onun qarşısını almalıyıq.
Ona görə də Azərbaycan dövləti həm göstərmək istəyir ki, məsələ diqqət mərkəzimizdədir, həm də Güneydəki soydaşlarımızda bir arxayınlıq yaratmaq istəyir ki, biz sizin taleyinizə biganə deyilik, daim diqqətimizdəsiniz."
İBRAHİM MƏMMƏDLİ