“ABŞ-nin müharibəyə aktiv şəkildə daxil olması qaçınılmaz görünür” – Taleh Əliyev – ÖZƏL
14:15 SiyasətABŞ-nin İran-İsrail qarşıdurmasında balanslı mövqe tutması nə dərəcədə mümkündür? Bu münaqişə genişlənərsə, regionda ABŞ-nin maraqları necə təsirlənə bilər?
"İran və İsrail arasında baş verən müharibədə ABŞ-nin tutduğu mövqe, ABŞ-nin maraqları baxımından tamamilə düzgün mövqedir".
Bu sözləri Olaylar.az-a açıqlamasında Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. Onun sözlərinə görə, ABŞ-nin birbaşa müdaxilədən çəkinməsi, bölgədə müharibənin genişlənməsinin və humanitar fəlakətin qarşısını alan ehtiyatlı bir addım oldu:
"Müharibənin ilk günlərində İranın daha güclü olduğu bir mərhələdə əgər ABŞ müharibəyə birbaşa müdaxilə etmiş olsaydı, İran heç şübhəsiz ki, ABŞ-nin regionda yerləşən hərbi bazalarına - o cümlədən Səudiyyə Ərəbistanı, Qətər və Bəhreyn kimi ölkələrdəki bazalara - hücum edərdi. Bununla yanaşı, həmin ölkələrin özlərini də hədəf ala bilərdi. Bu isə müharibənin coğrafiyasını genişləndirə və daha böyük humanitar fəlakətlərə səbəb ola bilərdi.
Hətta mümkündür ki, İranın dəstəklədiyi digər aktorların da müharibədə daha aktiv şəkildə iştirak etdiyinin şahidi olardıq. Bu baxımdan, ABŞ-nin ehtiyatlı və mərhələli yanaşması, yəni birbaşa hərbi müdaxilədən çəkinməsi, digər Avropa müttəfiqləri tərəfindən də dəstəklənə biləcək real bir yanaşma idi".
Siyasi şərhçi qeyd edib ki, ABŞ hazırda dolayı dəstək versə də, İranın zəiflədilməsindən sonra müharibəyə birbaşa qoşulması və regionun yenidən şəkilləndirilməsində iştirak etməsi qaçınılmaz görünür.
"Hazırda ABŞ İsrailin hərbi əməliyyatlarını birbaşa olaraq müdafiə etməkdə iştirak etməsə də, İsrailin İran raketlərindən müdafiə olunmasına, eləcə də hərbi və siyasi-diplomatik dəstək göstərilməsinə önəm verir. Bu da qeyd etdiyim kimi, İranın ABŞ-nin regiondakı hərbi bazalarına zərbə endirməsinin və müharibənin miqyasını müttəfiq ölkələrə doğru genişləndirməsinin qarşısını almağa xidmət edir. Bu baxımdan hesab edirəm ki, yaxın bir neçə gün ərzində ABŞ-nin bu siyasəti davam edəcəkdir. Lakin növbəti mərhələdə, yəni İranın artilleriyası və dron arsenalı əhəmiyyətli dərəcədə məhv edildikdən, raket və artilleriya istehsal edən zavodlar sıradan çıxarıldıqdan sonra artıq yeni mərhələ başlaya bilər.
Bu mərhələdən sonra İran daxilində - xüsusilə də etnik azlıqlar arasında fəaliyyət göstərən müxalif qrupların dəstəklənməsi ilə - İranın öz daxilində sabitliyi pozacaq hərəkətlərin güclənməsi mümkündür. Bu isə, şübhəsiz ki, İranın daha aqressiv reaksiya verməsinə səbəb olacaq.
Bu fon çərçivəsində ABŞ-nin müharibənin birbaşa iştirakçısına çevrilməsi ehtimalı yüksəlir. Mən isə hesab edirəm ki, bu müharibənin sonunda İranın yenidən şəkilləndirilməsi prosesi baş verəcək və ABŞ bu prosesdən kənarda qala bilməyəcək. Ona görə də ABŞ-nin müharibəyə aktiv şəkildə daxil olması qaçınılmaz görünür".
Səidə Ramazanova