Vaşinqton müharibəni cilovlayır, yoxsa alovlandırır? – ABŞ-nin Yaxın Şərqdə ikili oyunu- ÖZƏL
14:14 Siyasət"ABŞ-nin İran-İsrail qarşıdurmasında balanslı mövqe tutması, ən yaxşı halda, çətin idarə olunan bir ziddiyyətlər kombinasiyasıdır. Bir tərəfdən Vaşinqton İsrailin əsas strateji müttəfiqidir və onun təhlükəsizliyi ABŞ-nin Yaxın Şərq siyasətinin əsas sütunlarından biridir. Digər tərəfdən, genişmiqyaslı müharibə ABŞ üçün siyasi, iqtisadi və hərbi baxımdan yüksək riskli ssenaridir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloqun fikrincə, Vaşinqtonun balanslı mövqeyi əslində kontrollu eskalasiya siyasətinə çevrilib:
"ABŞ bölgədə sabitliyin pozulmasının qlobal enerji bazarlarına təsirini və Körfəz müttəfiqlərinin təzyiqə düşməsini istəmir.
Vaşinqton bu səbəbdən paralel iki istiqamətdə hərəkət edir: birincisi, İsrailin hərbi üstünlüyünü dəstəkləyərək onu deterrens güc kimi saxlayır; ikincisi, İranla dolayı kanallarla, əsasən Qətər və Oman vasitəsilə təmasda qalır. Lakin balansı saxlamaq getdikcə daha çətinləşir, çünki İranın mövqeyi daha sərtləşib, İsrail isə təhlükəni neytrallaşdırmaq üçün önləyici zərbələrdən çəkinmir. ABŞ-nin bu ikili siyasəti zamanla həm İsraildə, həm də ərəb dünyasında etimadın sarsılmasına səbəb ola bilər.
Əgər münaqişə genişlənərsə, ABŞ-nin İraqdakı və Suriyadakı hərbi kontingentləri ciddi təhlükə altına düşə bilər. Hüsilər, Haşdi Şəbi və Livan "Hizbullah"ı kimi İranın təsirində olan aktorlar ABŞ bazalarına qarşı hücumlarını artıra bilər. Digər risk isə Körfəz ölkələrində yerləşən ABŞ hərbi infrastrukturlarının müharibəyə çəkilməsi ehtimalıdır. Regionda enerji infrastrukturlarının hədəfə çevrilməsi qlobal neft qiymətlərini silkələyə və ABŞ iqtisadiyyatına dolayı zərbə vura bilər.
ABŞ-nin maraqları həm İsrailin hərbi üstünlüyünün qorunmasında, həm də İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdadır. Lakin bu maraqları eyni anda təmin etmək artıq texniki deyil, siyasi-diplomatik cəhətdən ciddi manevr tələb edir. Vaşinqtonun diplomatik təşəbbüsləri, xüsusilə Çin və Rusiya faktorları fonunda daha çox qlobal güc rəqabəti kontekstində qiymətləndirilir.
Yekunda, ABŞ-nin "balanslı mövqe"sindən daha çox "kontrollu eskalasiya" siyasəti həyata keçirdiyi görünür. Bu siyasət, həm müttəfiqini tək buraxmamaq, həm də münaqişəni regional çərçivədə saxlamaq niyyətini əks etdirir. Lakin vəziyyət nə qədər uzanarsa Vaşinqtonun manevr imkanları o qədər daralacaq".
Zeynəb Mustafazadə