İran-İsrail gərginliyi Zəngəzur dəhlizinə təsir edə bilərmi?- ÖZƏL
13:27 Siyasətİsrail-İran arasında artan gərginlik Ermənistanda narahatlıq yaradıb. Erməni mediasında əsas panika Zəngəzur dəhlizi ilə bağlıdır. İran əvvəllər bu dəhlizin əleyhinə çıxsa da, İsraillə müharibəyə sürüklənməsi onun regionda, o cümlədən Ermənistan məsələlərində təsir imkanlarını azaldır.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlamasında bildirib ki, Ermənistan bilməlidir ki, İranla bağlı durum Zəngəzura təsir etməyəcək:
"Hesab edirəm ki, İranın Ermənistanla əməkdaşlığı və dərin bir müttəfiqlik cəhdləri yanlış bir siyasət idi. Bu gün də bunu yanlış hesab edirəm. Əlbəttə, onlar qonşu ölkələrdir, biz demirik ki, münaqişə şəraitində olsunlar. Amma bir müsəlman ölkəsinin Ermənistan kimi aqressiv, işğalçı xristian ölkəsi ilə bu şəkildə əməkdaşlığı nə qəbul ediləndir, nə də anlaşılan. O ki qaldı İsrailin İrana hücumundan sonra İranın başının qarışması, zəifləmə ehtimalları və bunun Cənubi Qafqaza, Ermənistana təsiri məsələlərinə, hesab edirəm ki, bu, Azərbaycan siyasətinə təsir edə bilməz.
Azərbaycan, İran müharibə etsə də, etməsə də - Zəngəzur dəhlizinin açılması məsələsində təkid edir. Bu, Azərbaycanın əsas prioritetlərindən biridir. Hətta birincisidir. İran burada istər güclü olsun, istərsə də zəif - bizim üçün mahiyyət və əhəmiyyət kəsb etmir. Bizim tələbimiz birdir və birmənalıdır: bu dəhliz açılmalıdır və Ermənistan bu işi icra etməlidir.
Hesab edirəm ki, İran Zəngəzur dəhlizinə qarşı çıxmaqdansa, onun baş tutması üçün dəstək verməlidir. Bu gün də gec deyil. Ermənistan da bu işin reallaşması üçün fəal olmalı, ona mane olmamalıdır.
Azərbaycan isə Türkiyə ilə birgə bu prosesi həyata keçirəcək. İranın zəifləməsi bizim siyasətimizə təsir edə bilməz. Əlbəttə, indiki situasiyada düşünmürəm ki, İranın Zəngəzur dəhlizi kimi bir məsələ ilə xüsusilə məşğul olmağa vaxtı, imkanı və gücü var. Amma olsa belə, yenə deyirəm ki, Azərbaycan bu məsələdə təkid edir və biz bu məsələni reallaşdıracağıq. Ümumən götürəndə, istər İran, istər Ermənistan, istərsə də başqa hər hansı qeyri-dövlət - Zəngəzur dəhlizi məsələsinə diqqətlə yanaşmalıdır, onun gerçəkləşməsinə dəstək verməli və bu işin əvvəlindən sonuna qədər qarşılığında fayda əldə etməyə çalışmalıdırlar".
Zeynəb Mustafazadə