Mövcud durum mənzərəni daha aydın göstərir- ÖZƏL

"Regional proseslər ehtiva olunmaqla beynəlxalq aləmə nəzər yetirdiyimiz zaman bir reallığın bir daha şahidi oluruq ki, bu da cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin son dərəcə zərgər dəqiqliyinə malik olmasıdır. Haqlı olaraq dövlət başçımız bildirir ki, dünyada hökm edən amil beynəlxalq hüquq yox, gücdür. Güc amilinin konvensional qaydada sadəcə sərt elementini nəzərdə tutmağın özü də yeni dünya trendlərindən son dərəcə uzaqlaşmağa gətirib çıxarar ki, bu trendlərlə ayaqlaşa və uzlaşa bilməyən aktorların aqibəti göz önündədir."  Bu  fikirləri  Olaylar.az-a  açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq  Şəbnəm HƏSƏNOVA  deyib:

"Məsələ həm də praqmatik siyasəti icra edən lider amilində gizlənib. Müasir texnologiyanın ən üst səviyyədə inkişafında belə dövlətin başında dayanan bütöv şəxsiyyət amili öz sözünü deyir. Məhz buna görədir ki, kəsişən maraqların, toqquşan mövqelərin tən ortasında dayanan Azərbaycan yürütdüyü siyasət qədər öz mövqeyini də düzgün seçməklə xarici siyasət hədəflərinə addım-addım yaxınlaşır. Bu yolda rastlaşdığımız, hətta bu cür ifadə edərdim ki, alışdığımız Azərbaycan əleyhinə ritorika tam sürətlə davam edir. Söhbət Rusiya media məkanında, siyasi kluarlarında Azərbaycanı hədəf alan açıqlamalardan gedir. Məsələnin kökündə dayanan amil odur ki, müharibədən sonra formalaşdırdığımız yeni reallıq Zəngəzur dəhlizinin açılmasını, türk amilinin bütünləşməsini qaçılmaz edir. Hətta İran-İsrail kimi bəşəri və qeyri dəyərləri belə əks istiqamətdə dayanan aktorlar arasında Azərbaycan düzgün siyasət yürütməyi bacarır. Bunun nəticəsidir ki, İrandan Azərbaycana keçən insanların sayı ölkəmizin, dövlətimizin güvənilir, etimad göstərilməli tərəf olduğunu bir daha sübut edir. Azərbaycan bu dəfə də açıq, şəffaf, humanist siyasət yürüdür. Belə olan məqamda Azərbaycanın gücünü, nüfuzunu bir qədər tormozlamaq işi həvalə olunan, Rusiya mediasının kanalizasiyasına ilişib qalan bəzi məxluqların üfunətini doğurur. Bir digər yandan da Ermənistana "əl gəzdirmək" lazımdır. Ermənistanda qarşıdan gələn seçkilərdə Nikol Paşinyanın və rəqiblərinin nə qədər marağı varsa, Rusiyanın da ən az bir o qədər marağı var. Bunun nəticəsidir ki, Paşinyanın üstünə erməni ata-babalarından tutmuş, bütün "papaları" qızışdırılır. Çətin durumda qalan Paşinyan üçünsə həlledici məsələ nəyin bahasına olur-olsun seçkidə öz qalibiyyətini təmin etməkdir. Yaxın günlərdə Nikol Paşinyanın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edəcəyi gözlənilir. Türkiyə rəsmiləri bununla bağlı hazırlıq işlərinin getdiyini də bildirirlər. Görünən odur ki, Yaxın Şərq də daxil olmaqla regionda gücünü möhkəmləndirən Türkiyə və bütün hesablamaları nəzərə aldığımız zaman digər aktorlar da Paşinyanın məhz Ərdoğanla son hesablamalar aparmalı olduğunu məqbul hesab edirlər. Proseslər ona gedir ki, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan istənilən aktorun ümidləri boşa çıxır. Daxili siyasətdə otuzdurulan fiqurlar, laxladılan yerlər, baş verən və zəruri hesab edilən hadisələr xarici siyasətdə nəyə nail olunacağının dəqiq proqnozunu, mövcud durum isə  mənzərəni daha aydın göstərir."

İBRAHİM  MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31