İran hədəfdə: Nüvə bəhanə, məqsəd rejim dəyişikliyidirmi? – ÖZƏL

"İsrail İranı raket atəşi ilə vurduqda, ölkə  rəsmiləri bəyan etdilər ki, bu əməliyyatı özlərini müdafiə məqsədilə həyata keçirirlər. Nüvə proqramının zənginləşdirilməsi və İranın nüvə silahı əldə etməsi bəhanə göstərilərək bu hücumlar həyata keçirildi. Hadisələrin gedişatı göstərir ki, başda Birləşmiş Ştatlar olmaqla, İsrailin İrana qarşı etdiyi hücumlar məqsədyönlüdür".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçinin sözlərinə görə, nüvə bəhanəsi ilə Birləşmiş Ştatlar və İsrailin məqsədi İranda rejim dəyişikliyinə nail olmaqdır:

"Baş verənlər göstərir ki, nüvə zənginləşdirilməsi sadəcə bir bəhanədir. Əsl məqsəd - Birləşmiş Ştatlar və İsrailin İranda hakimiyyəti dəyişdirmək və özlərinə uyğun bir rejim qurmaq niyyətidir. Pəhləvi rejiminin varisi olan oğlunun son dövrlər Birləşmiş Ştatlarda fəallaşması da bu planların tərkib hissəsi kimi görünür. Həm Birləşmiş Ştatlar, həm də İsrail tərəfindən İran xalqına çağırışlar edilir ki, rejimə qarşı çıxıb dəyişiklik tələb etsinlər. Burada əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaq deyil. Məqsəd - İranda hakimiyyət dəyişikliyi və Qərbə loyal bir rejimin qurulmasıdır".

Azad Məsiyev bildirib ki, xarici müdaxilələrlə deyil, yalnız xalqın iradəsi ilə formalaşmalı olan İran hakimiyyətinə qarşı təzyiqlər beynəlxalq hüququn deyil, gücün diktəsi ilə aparılır.

"İran İslam Respublikası dini dəyərlərə əsaslanan idarəçilik sisteminə malikdir. Lakin xarici qüvvələr dünyəvi dəyərlərlə idarə olunan bir dövlət qurmaq istəyir və bu məqsədlə İran daxilində dövlət çevrilişinə cəhd edirlər. Bu, İran xalqının iradəsinə ziddir. Çünki hər bir xalq kimi, İran xalqı da öz idarəetmə formasını özü seçmək hüququna malikdir.
İran xalqı İslam dəyərlərinə əsaslanan dövlət idarəçiliyini istəyir və bunu da 1979-cu ildə Pəhləvi rejimini inqilabla dəyişərək nümayiş etdirmişdir. Bu gün dünya beynəlxalq hüquqla deyil, gücün qanunu ilə idarə olunur. Güclü dövlətlər istədikləri ölkədə hakimiyyəti dəyişib öz maraqlarına uyğun rejimlər qururlar. Bu prosesləri biz artıq Gürcüstanda - Soros fondunun dəstəyi ilə Sakaşvilinin hakimiyyətə gətirilməsində, Ukraynada isə "demokratiya" şüarları altında baş verən dövlət çevrilişində müşahidə etmişik. Eyni ssenarilər fərqli ölkələrdə də "insan hüquqları", "azadlıq" kimi şüarlarla həyata keçirilir. Bu baxımdan hesab edirəm ki, İranda mümkün hakimiyyət dəyişikliyi yalnız xalqın iradəsi ilə baş verməlidir, xarici müdaxilə ilə yox. Təəssüflər olsun ki, bu gün bəzi xarici qüvvələr hərbi əməliyyatlar vasitəsilə İranda rejim dəyişikliyi həyata keçirmək niyyətindədirlər.
Hazırda orada kütləvi insan tələfatı və dini təbəqəyə qarşı ziyanverici halların baş verdiyi bildirilir. Belə bir şəraitdə İranın özünü müdafiə etmək haqqı vardır və bu hüquq BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən tanınır. İran da bu hüquqdan istifadə edir. Təəssüf ki, beynəlxalq hüquq artıq ikinci plandadır və dünya güclünün diktəsi ilə idarə olunur. Bu vəziyyətdə İranın öz təhlükəsizliyini təmin etmək üçün müəyyən addımlar atması qaçılmazdır".

Siyasi şərhçi vurğulayıb ki, ABŞ və İsrailin İranda rejim dəyişikliyi cəhdləri təkcə beynəlxalq hüququ pozmur, həm də regionda ciddi geosiyasi fəsadlara yol aça bilər.

"ABŞ və İsrail İranda mövcud hakimiyyəti dəyişib, öz maraqlarına uyğun bir rejim qurmaq istəyirlər. Bu məqsədlə də vəziyyətdən maksimum istifadə etməyə çalışırlar. Çünki İsrailin əsas məqsədi "Böyük Yəhudi Dövləti" yaratmaqdır və bu plan 50-100 illik strateji bir proqramdır. Belə olan halda, dünyada yenidən qütbləşmə prosesi gedir və yeni güc mərkəzləri formalaşır. Əgər İranda hakimiyyət dəyişikliyi baş verərsə, bunun regiona da ciddi təsirləri ola bilər. İran bölgədə böyük gücə malik dövlətdir və orada hərbi əməliyyatların başlaması Cənubi Qafqaza, xüsusilə də Azərbaycana təsirsiz ötüşməz.
İranda yaranacaq yeni siyasi situasiyanın hansı istiqamətə yönələcəyi də açıq qalır. İran, türkdilli dövlətlərin coğrafi mərkəzində yerləşdiyi üçün burada baş verəcək hakimiyyət dəyişikliyindən öz məqsədləri üçün istifadə olunarsa, bu, gələcəkdə Türk Dövlətləri Təşkilatı fonunda yaranması gözlənilən Turan İttifaqına mane ola bilər.
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlar beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır və bu, İranda hakimiyyət dəyişikliyi məqsədi güdür. Lakin unutmaq olmaz ki, İran ideoloji dövlət modelidir və belə dövlətləri sırf hərbi güc və zorakılıqla dəyişmək mümkün deyil.
İrana qarşı aparılan hərbi əməliyyatlar nəticə etibarilə ABŞ və İsrailə qarşı nifrətin artmasına gətirib çıxara bilər və bu da son nəticədə daha böyük fəsadlara səbəb ola bilər".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31