“İranın bölgədən çəkilməsi Ermənistanın Zəngəzur ümidlərini zəiflədib” – Zeynal Əmrəliyev – ÖZƏL
12:28 Siyasət"Regionda vəziyyətin gərginləşməsi müəyyən mənada Ermənistanın maraqlarına uyğun deyil. Çünki Ermənistanın bölgədəki iki əsas müttəfiqindən biri olan Rusiya hal-hazırda Ukrayna ilə müharibədədir və əsas diqqətini bu cəbhəyə yönəldib. Digər əsas müttəfiqi və Zəngəzur dəhlizinin açılmaması istiqamətində ən çox çağırışlar edən İran isə hazırda İsraillə müharibə vəziyyətindədir və Ermənistan istiqamətinə fokuslana bilmir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçinin sözlərinə görə, İranın regional diqqətinin yayınması, Zəngəzur dəhlizi məsələsində ona arxalanan erməni revanşist dairələrin ümidlərini puça çıxarıb:
"Erməni mətbuatında bu barədə geniş yazılır ki, mövcud vəziyyət fonunda Türkiyə və Azərbaycan təzyiqləri artıraraq Zəngəzur dəhlizinin açılmasına nail ola bilər. Ümumilikdə isə, müharibə olmasa belə, İranın bu dəhlizin açılması məsələsinə ciddi təzyiq göstərmək imkanları əvvəlcədən də məhdud idi. Yəni İranın bu məsələdə çox güclü təsir imkanları yox idi. Çünki bu məsələ, həm hüquqi, həm də digər aspektlərdən baxdıqda, Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətlər çərçivəsində həll ediləcək məsələdir.
Zəngəzur dəhlizinin açılması, ümumilikdə regionda kommunikasiyaların bərpası məsələsi məhz Bakı ilə İrəvan arasında aparılan danışıqların məntiqi nəticəsi kimi ortaya çıxmalı idi. Bu baxımdan da İranın prosesə təzyiq imkanları məhdud idi - istər müharibə olsun, istər olmasın. Yəni bu məsələlər Zəngəzur dəhlizinin açılması ilə bağlı prosesə ciddi təsir edən amillər deyildi.
Sadəcə olaraq, Ermənistandakı bəzi qüvvələr İranın bu məsələdəki rolunu şişirdirdilər. Revanşist dairələr və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını istəməyən qüvvələr İrana böyük ümid bəsləyirdilər. Lakin indi İranın İsraillə müharibə aparması və faktiki olaraq bu regiondan, o cümlədən Ermənistanın üzərindən diqqətini çəkməsi həmin dairələri ciddi şəkildə narahat edir".
Siyasi şərhçi sonda qeyd edib ki, regionda baş verən geosiyasi hadisələr və Azərbaycanın Cənubi Qafqazda son illərdə yaratdığı yeni reallıqlar onu deməyə əsas verir ki, Ermənistanın Bakı tərəfindən irəli sürülən tələbləri qəbul etməkdən başqa çıxış yolu yoxdur. Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verməli, konstitusiyada dəyişikliklər də daxil olmaqla digər məsələlərdə də Azərbaycanın tələblərini yerinə yetirərək sülh müqaviləsini imzalamalıdır.
Səidə Ramazanova