Güney Azərbaycana tarixi şans: “Soydaşlarımız artıq bir qərar verməlidir”- ÖZƏL
19 İyun 2025 11:16 Siyasət"Azərbaycan cəmiyyəti İranla İsrail arasında baş verən hərbi toqquşmaları narahatlıqla izləyir. Çünki İran İslam Respublikasında 40 milyondan çox soydaşımız yaşayır".
Bu sözləri Olaylar.az-a açıqlamasında Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli deyib. Onun sözlərinə görə, iki dövlət arasında dağıdıcı müharibə arzuolunan deyil:
"Biz müharibənin alovlanmasına, genişlənməsinə qarşıyıq. Yaxşı olar ki, tərəflər mübahisəli məsələlərdə ümumi dil tapsınlar və tezliklə atəşkəs imzalansın. Çünki hər gün dünya iqtisadiyyatına milyonlarla dollar ziyan dəyir, ətraf mühit çirklənir, torpaq qatı sıradan çıxır, su resursları zəhərlənir. Biz qlobal iqlim dəyişikliyi ilə mübarizə dövründə yaşayırıq. Dünyanın beyin mərkəzləri atmosferdə karbon emissiyasının miqdarını azaltmağın yollarını düşünür. Qalıq yanacağından imtina, yaşıl enerjiyə keçidlə bağlı layihələr icra olunur. Məqsəd odur ki, qlobal istiləşmənin təsiri azaldılsın. Belə bir mərhələdə ən müasir silahlarla, raketlərlə başlanmış müharibə nə İsrail, nə İran dövlətinə, nə də region xalqlarına, bütövlükdə dünyaya lazım deyil. Hər gün torpağa yüzlərlə raket çırpılır. Yaşayış binaları dağılır, şəhərlər məhv olur, insanlar ölür. Əkin sahələri, məhsuldar torpaqlar sıradan çıxır. Hər iki dövlətin ərazisində nüvə stansiyaları var. Həmin müəssisələrdən xırda bir sızma böyük bir regionun ekoloji təhlükəsizliyini təhdid edir. Biz 30 il işğalçı Ermənistanın ekoloji cinayətləri ilə üz-üzə qalmışdıq. Torpaqlarımız bu gün də minalarla, partlamamış sursatlarla çirkləndirilmiş durumdadır. Çaylarımız ermənilər tərəfindən çirkləndirilib, meşələrimiz yandırılıb. Təbiətə qarşı cinayətlərin bədəli bəzən çox ağır olur. Meşələrin məhvi tənəffüs sistemi xəstəliklərinin yayılmasına səbəb olur. Bu baxımdan biz müharibənin tezliklə bitməsini arzu edirik. Lakin hərbi toqquşmaya səbəb olan nədənlər də aradan qaldırılmalıdır. Bölgədə yeni bur nüvə dövlətinin yaranması bölgəsəl təhlükəsizliyi təhdid edir".
E.Cəfərli deyib ki, 50 milyonluq Azərbaycan türkünün tək dövləti olan Azərbaycan Respublikasını Güneydə yaşayan soydaşlarımızı taleyi düşündürür: "Azərbaycan güneylilərin taleyindən narahatdır. Lakin unutmayaq ki, güneyli soydaşlarımız İran İslam Respublikasının vətəndaşlarıdır. Bizi bağlayan ortaq keçmişimiz, ortaq dəyərlərimiz, ana dilimizdir. Biz soydaşlarımıza mənəvi, humanitar dəstək verə bilərik. Lakin Güney Azərbaycandan kütləvi köçü arzulamırıq. Biz qaçqın və məcburi köçkünlüyün necə ağır olduğunu bilirik. Soydaşlarımızın da bu duruma düşməsini istəmirik. Bizim üçün Suriyada Bayırbucaq türkləri, İraqda Kərkük türkmanları, Borçalı türkləri, Dərbənd azərbaycanlıları necə əzizdirsə, Təbrizdə, Ərdəbildə, Həmədanda, Tehranda yaşayan soydaşlarımız da eləcə doğmadır. Lakin bu gün dünya azərbaycanlılarının ən çox hissəsi, mütləq əksəriyyəti İranda yaşayır. Soydaşlarımız üçün artıq qərar vermə zamanıdır. 40 milyon balaca rəqəm deyil. Güney Azərbaycan üçün tarixi şans yaranıb. Soydaşlarımız qərar verməlidir: ya öz müqəddəratını təyinetmə, ya da molla hakimiyyəti, ana dilimizi yasaqlamış molla hakimiyyəti ilə yola davam. Bu qərarı onların yerinə kimsə verə bilməz. Dünyada hər şeyin bir əvvəli, bir sonu var. Bütün imperiyalar sonunda dağılmağa məhkumdur. Tarixin bütün dövrlərində iri dövlətlərin qalıqları altından yeni dövlətlər meydana çıxıb. Bu aqibət İranı da gözləyə bilər".
E.Cəfərli bildirib ki, Güney Azərbaycandan seçilmiş millət vəkilləri, nüfuzlu türk ruhanilər və rəsmilərlə işləmək lazımdır.
"Hüquq müdafiəçilərimiz, vətəndaş cəmiyyəti fəallarımız İran parlamentində dəfələrlə Azərbaycan dilinə azadlıq tələb etmiş Nadir Qazipur, Əhməd Əlirzabeygi və digər şəxslərlə təmasa keçməli, soydaşlarımızın taleyi ilə bağlı məsləhətləşmələr başlamalıdır. Əməliyyatlar davam edir və bu gedişlə genişlənəcək. Baş verəcək hər hansı humanitar fəlakətə hazır olmaq lazımdır. Bir neçə il bundan öncə İranda baş vermiş zəlzələ zamanı Azərbaycan öz yardımını təklif etmiş, İran tərəfi imtina etmişdi. Bu dəfə durum fərqlidir. Soydaşlarımızı taleyin ümidinə buraxmaq olmaz".
İbrahim Məmmədli