İlham Əliyev Azərbaycan tarixində qızıl hərflərlə yeni bir səhifə açdı- ÖZƏL

"İlham Əliyev cənablarının prezidentliyi dövründə istər daxili və istərsə də xarici siyasət sahəsində çoxsaylı uğurlar əldə edilmiş, bu qısa müddətdə ölkəmiz misli görünməmiş sürətli inkişaf yolu keçmiş, respublikamızda formalaşmış və uğurla həyata keçirilən strategiya hazırda da davam edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, parlamentin İntizam komissiyasının sədri Eldar İbrahimov deyib: "Bununla belə hesab edirəm ki, bu illərdə əldə etdiyimiz möhtəşəm uğurların zirvəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə 2020-ci ildəki 44 günlük Vətən Müharibəsində şanlı Azərbaycan Ordusunun Ermənistan ordusunu darmadağın edərək diz çökməyə məcbur etməklə qazandığı parlaq qələbə dayanır. Bu qələbə ilə Ulu Öndərin siyasi varisi İlham Əliyev cənabları ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin edən Prezident kimi Azərbaycan tarixində qızıl həriflərlə yeni bir səhifə açdı. Eyni zamanda qazandığımız bu möhtəşəm qələbə bir daha sübut etdi ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır və Azərbaycan xalqı vətənini və xalqını sevən dövlət başçısının rəhbərliyi ilə öz ərazi bütövlüyünü təmin etməyə və onu dünyanın ən gözəl diyarına çevirməyə qadirdir. Məhz İlham Əliyev cənablarının rəhbərliyi ilə 30 ildən çox işğala 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində son qoyulması və Heydər Əliyevin ata vəsiyyətinin şərəflə yerinə yetirilməsi müstəqil Azərbaycan dövlətinin qarşısında duran bir nömrəli vəzifənin uğurla həyata keçirilməsini təmin etdi. Bu qələbə həm də Milli Qurtuluş Günü sayəsində Azərbaycan xalqının yenilməz qürurunu özünə qaytardı, xalqımızın başını ucaldaraq başqa xalqlar arasında fəxrlə dayanmasına şərait yaratdı. 2023-cü ilin sentyabr ayında isə bir günlük antiterror əməliyyatı ildırım sürəti ilə həyata keçirilərək Ermənistan ordusunun qalıqları Qarabağ ərazisindən tamamilə təmizləndi. Bununla da respublikamızın ərazi bütövlüyü və suverenliyi əbədi olaraq bərpa olundu. Hazırda ölkəmizin qarşısında duran ən mühüm missiya erməni işğalından azad etdiyimiz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərini  gündən-günə sürətlə qloballaşan dünyanın ən müasir çağırışlarına uyğun olaraq yenidən qurmaq, bu ərazilərə Böyük Qayıdışı qısa müddət ərzində təmin etməkdir. Şübhə etmirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında xalqımız bu şərəfli vəzifənin də öhdəsindən tezliklə gələcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31