Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi- ÖZƏL

"Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı nəticəsində ölkəmizin həyatının bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin - Milli Qurtuluşun nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluşu deməkdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, parlamentin İntizam komitəsinin sədri Eldar İbrahimov deyib: "Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında müstəqil Azərbaycan Respublikasının demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiyası qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.
Dahi siyasətçi Heydər Əliyevin ikinci dəfə respublikamıza rəhbərliyə qayıdışı sözün həqiqi mənasında, Azərbaycan dövlətinin və xalqımızın qurtuluşu oldu. Heç də təsadüfi deyil ki, sonralar xalqın müxtəlif təbəqələrinin nümayəndələri öz çıxışlarında bu günün Azərbaycan xalqının milli qurtuluş günü kimi elan edilməsini tələb edirdilər. Həmin vaxt mən Milli Məclisin deputatı idim və tale elə gətirdi ki, 1997-ci il iyunun 17-də Parlamentdə çıxış edərək belə bir qərarın qəbul edilməsini təklif etmək mənə qismət oldu. Bundan 10 gün sonra iyunun 27-də Milli Məclisin 45 deputatının çıxışında da mənim təklifim dəstəkləndi və həmin gün Milli Məclisin qərarı ilə 15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü elan olundu və Azərbaycan Respublikasının Bayram günləri siyahısına daxil edildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31