Rəqəmsal texnologiyaların inkişafı milli insan hüquqları təsisatlarının rolunu aktual edir - Ombudsman
11:22 SiyasətRəqəmsal texnologiyaların sürətlə inkişafı bu sahədə milli insan hüquqları təsisatlarının rolunu aktual edir.
Olaylar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bu gün keçirilən "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu" mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunda çıxış edərkən deyib.
O vurğulayıb ki, Qanunun aliliyinin təmin edilməsinin əsas elementlərindən biri də qanunvericiliyin müasir çağırışlara uyğun olaraq təkmilləşdirilməsidir:
"Ombudsman təsisatı olaraq qanunvericiliyin təkmilləşdirilməsi prosesində yaxından iştirak edir, normativ hüquqi akt layihələrinə dair tərəfimizdən rəy və təkliflər verilir, habelə qanunların qəbul edilməsi, ləğv edilməsi və ya onlarda dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisə təkliflər təqdim olunur. Qanunun aliliyinin təmin edilməsində digər vacib amil normativ hüquqi aktların icrasına nəzarətin effektiv təşkilidir. Müsbət təcrübə olaraq bildirirəm ki, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun icrasına nəzarət mandatı çərçivəsində tərəfimizdən informasiya əldə etmək hüququnun təmin edilməsi, habelə qanunvericiliklə müəyyən edilmiş müddətdə informasiya sorğularının cavablandırılması üzrə zəruri tədbirlər görülməkdədir".
S.Əliyeva vurğulayıb ki, Ombudsman və milli insan hüquqları təsisatlarının məhkəmə orqanları ilə əməkdaşlığı qanunun aliliyinin təmin olunmasına mühüm töhfə verir:
"Bu əməkdaşlıq, hüquqi problemlərin sistemli şəkildə aşkarlanmasına, hüquq və azadlıqların müdafiəsi üzrə preventiv və effektiv tədbirlərin görülməsinə şərait yaradır, insan hüquqlarının institusional müdafiəsini gücləndirir. Konstitusiya Məhkəməsi ilə əməkdaşlığımız öz növbəsində qanunun aliliyinin təmin edilməsinə, qanunvericiliyin təkmilləşdirilməsinə və hüquq müdafiə mexanizmlərinin effektivliyinin artırılmasına xidmət edir".