Dost ölkələr İranı meydanda tək qoyublar- ÖZƏL

"Rusiya, Çin, Hindistan, Fransa özlərini İrana yaxın göstərsələr də, hücum olacağı təqdirdə ciddi dəstək verməyəcəkləri əvvəlcədən bəlli idi. Tehran da bunu yaxşı bilir. Necə ki, Rusiya Qəzzada, Suriyada ikibaşlı oyun oynayıb. Moskvanın İranı Suriyada tək qoyub orada qalmaqda davam etməsi, növbəti mərhələdə də eyni addımı atacağı aydındır. Hətta uzun illər öncə İranın o zamankı prezidenti Mahmud Əhmədinejat Rusiyanın İranı satacağı barədə fikrini açıq şəkildə səsləndirib". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "Digər tərəfdən, Rusiyanın İsraillə olan isti münasibətləri hamıya bəllidir. Bu özünü Rusiya-Ukrayna və Suriya münaqişəsində açıq şəkildə göstərib. Çünki hər iki ölkə Yaxın Şərqdə mövqe möhkəmləndirmə savaşında bir-birinin dəstəyindən faydalanır.
Çinin İranla istər regional və qlobal məsələlərdə, istərsə də ikitərəfli sıx iqtisadi əməkdaşlığın olmasına baxmayaraq, bəzi məsələlərdə, xüsusən də "Bir kəmər, bir yol", ərəb ölkələri ilə münasibətlərin qurulması mövzusunda fikir ayrılıqları mövcuddur. 
Avropa ölkələri, xüsusən də Fransa, Almaniya İranla yaxın münasibətlərdə olmaqda maraqlı olsalar da, müəyyən məsafə saxlamağa çalışırlar. İsrail və digər ərəb ölkələri ilə münasibətlərini pozmaq istəmirlər. Avropa ölkələri də Yaxın Şərqin necə əhəmiyyətli bazar olduğunu bildiyindən, belə coğrafiyada mövqelərini qoruyub saxlamağa və inkişaf etdirməyə çalışırlar. 
Türkiyə də regional oyunçu kimi proseslərdə öz geosiyasi mövqelərini möhkəmləndirmək, bölgədə arbitr rolunda çıxış etmək istəyir. Onu da qeyd etmək laızmdır ki, İsrailin qələbəsi ilə başa çatacaq müharibə Türkiyənin maraqlarına cavab vermir. İran üzərində qələbə İsrailin regionda və bütövlükdə beynəlxalq aləmdəki geosiyasi mövqelərinin möhkəmlənməsidir. Bu isə gələcəkdə Türkiyənin milli təhlükəsizliyinə və suverenliyinə ciddi təhdid vəd edir. Unutmayaq ki, bölgədə yeni Kürdüstan dövləti layihəsi hələ də gündəlikdədir. Onu da unutmaq lazım deyil ki, Ankaranın bölgədə geosiyasi mövqeyinin möhkəmlənməməsinə qarşı məsələdə region ölkələri ilə regiondakənar güclərin də maraqları üst-üstə düşür. Onlara bölgədə İran, ərəb ölkələri kimi ciddi siyasi gücə malik olmayan, idarə olunan bir ölkə lazımdır ki, maraqlarını rahatca təmin edə bilsinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31