ABŞ-nin Yaxın Şərqdəki rolu: Rejissor, yoxsa sadəcə sponsor? - ÖZƏL
15:50 SiyasətAbbas Əraqçi: "Netanyahunu susdurmaq üçün Vaşinqtonun bir zəngi kifayətdir." Bu açıqlama ABŞ-nin İsrail üzərindəki təsir imkanlarına işarədirmi?
Olaylar.az-a açıqlama verən politoloq Həşim Səhrablı qeyd edib ki, Yaxın günlərdə ABŞ-İran təmaslarının şahidi ola bilərik:
"Əraqçinın bu fikrinə müəyyən mənada haqq vermək mümkündür. Nəyə görə? Çünki, İsrail rəsmiləri özü də Xameneinin vurulması ilə bağlı bildirmişdilər ki, biz onu vura bilərik, amma Amerika buna qarşıdır. Yəni, bu bir növ onun göstəricisidir ki, İsrail tərəfi atdığı bütün adımları ABŞ ilə koordinasiya edir. Düşünürəm ki, İsrail buna həm də məcburdur. Çünki İsrail elə bir regionda yerləşir ki, o, tək başına bu regionda maraqlarını müdafiə eləyə bilməz. Bəli, razılaşmaq lazımdır ki, İsrailin hər bir texniki sənayesi kifayət qədər inkişaf edib, dünyanın ən öncüllərindən biridir.
Bəlkə də Yaxın Şərqdə onun qədər hərbi texniki inkişafı vaxtından üstün olan bir ölkə yoxdur. Amma hər şey texnikanın əsas olması ilə bərabər tam olması anlamına gəlmir. Çünki qüvvələrin nisbəti də fərqlidir.
Bölgədəki bütün dövlətlər, yəhudilər istisna-İsrail istisna müsəlman dövlətlərdir. Belə bir reallıqda İsrailin həm ərəb dövlətləri ilə, həm Türkiyə ilə münaqişələr, ziddiyyətlər fonunda, həmçinin farslarla, İranla da bir müharibəyə, ziddiyyətli mövqeyə daxil olması və bütün bu ziddiyyətlərdən məqsədlərinə çataraq çıxması qeyri-mümkün məsələyə çevrilir. Ona görə də İsrailə dəstəkçi lazımdır, onu müdafiə edəcək dünyəvi güc lazımdır.
Bu da əlbəttə ki, ABŞ və müəyyən mənada Britaniya timsalında olan müttəfiqləridir. Ona görə də indi İsrail məcburdur ki, ABŞ-nin Yaxın Şərqlə bağlı mövqeyini və Vaşinqtondan gələn təklifləri dinləsin. Amma bu tamlıqla o da demək deyil ki, İsrail bütün mənalarda Vaşinqtonun məsləhətlərini dinləyəcək, öz maraqlarından imtina edəcək, ancaq oradan gələn əmrlə hərəkət edəcək. Xeyr, bu o demək deyil.
Məsələn, İran tərəfi nüvə silahı hazırlamaq məsələsində tam ciddi, qəti qərarlar atarsa və ABŞ bu mənada dəstəkləməkdən imtina edərsə, yenə də İsrail özünün xarici maraqları naminə, İsrail İrana qarşı son dərəcə daha ciddi, daha aqressiv məqamlara əl atmağa məcbur qalacaq. Amma indiki vəziyyətdə İsrail tərəfi həqiqətən də ABŞ-nin təkliflərini dinləyir, onun dəstəyini qazanmağa çalışır. Bu, onun məsələlərinə daha ağrısız və daha asan şəkildə çatmasını asanlaşdırır.
Əraqçının bu fikri səsləndirməsində bir məqsədi İsrailin nüfuzuna zərbə vurmaq, yəni onu bir növ proksi qüvvə kimi təsvir etməkdirsə, digər tərəfdən də Əraqçı əslində bir növ prosesi yaxından izləyən istər daxili auditoriyaya, istərsə də xarici auditoriyaya müsbət mesaj verməyə çalışır ki, biz Amerika ilə onsuz da razılaşacağıq və Amerika iləbizim razılaşmamız reallaşandan sonra İsrailin mövqeyindən asılı olmayaraq münaqişə bitəcək, nə İran zərər görəcək, nə də İranın dəstəklədiyi digər qruplar.
Ona görə də indi biz bu açıqlamaya tamamilə İranın ABŞ ilə dialoqa qayıtmaq fikrinin yaranmasının göstəricisi kimi baxmalıyıq. İran tərəfi artıq anlayır ki, hadisələr dərinləşdikcə, qaçılmaz bir ssenariyə doğru irələdikcə, geniş miqyaslı müharibə ola bilər ki, bu İsrailin də sonu olacaq. Amma, eyni zamanda bu, İranın özünün də sonunu gətirə bilər, ən azından rejimin sonunu gətirə bilər, hətta ən pis ssenaridə İran parçalana da bilər və müttəfiq koalisiyalar formalaşa bilər.
Eyni zamanda İraqdakı ssenari təkrarlana bilər. Ona görə də indi onlar mümkün qədər ağrısız şəkildə Amerika ilə razılaşmağın daha məqbul olduğu qənaətinə gəlməyə başlayıblar, deyə düşünürəm. Bu da o deməkdir ki, biz yaxın günlərdə ABŞ-İran təmaslarının şahidi ola bilərik, lokal əməliyyatların bitməsi reallığı ilə də qarşılaşa bilərik. Orada edilməli tək bir şey var, İran nüvə proqramından tamamilə olmasa da, ABŞ-nin maraqlarına uyğun şəkildə imtina edəcək. Bundan sonra da ABŞ öz maraqlarının təminatını az-çox əldə etdikdən sonra artıq münaqişənin dayanmasından yana olacaq. Çünki Yaxın Şərqdə belə ciddi bir eskalasiyanın başlaması bütün tərəflərə zərərlidir. Həm Amerikaya da, Həm də Yaxın Şərqin əsas dövlətlərinə də. Ona görə də hər kəs bu münaqişənin tez bir zamanda bitməsini istəyir. Son sözü isə yenə də İranın nüvə proqramına yanaşması ilə bağlı olacaq. Əraqçının fikirləri isə onu deyir ki, artıq İran müəyyən mənada geri addım atmağa razılaşıb. İndi çalışırlar ki, Amerika daha çoxunu istəməsin və yavaş-yavaş artıq diplomatik kanallarla bunlar danışılacaq, razılaşacaq və müəyyən zaman sonra biz müşahidə edəcəyik" .
Zeynəb Mustafazadə