Şuşa Bəyannaməsi hərbi-müdafiə sahəsində əməkdaşlı təmin edir- ÖZƏL

"2021-ci il iyunun 15-də Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada iki qardaş ölkənin Lideri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan "Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" iki türk dövlətinin siyasi gücünün və həmrəyliyinin simvoluna çevrildi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramid Namazov deyib: "Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapıb ki, onlardan ən mühümü hərbi-müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi niyyətidir. Hərbi mübadilələrin və qarşılıqlı hərbi yardımların intesivləşdirilməsi, müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı tərəflərin hərbi qüdrətini artırmaqdadır. Vətən müharibəsində böyük rol oynayan pilotsuz uçuş aparatlarının yeni nəslinin mübadiləsi, habelə ən modern müasir döyüş texnikalarının iki dövlətin silahlı qüvvələrinin arsenalında yer alması və digər birgə səylərin gücləndirilməsi hərbi təhlükəsizliyinin möhkəmləndirilməsində də prinsipial məzmun kəsb edir.
Bu, həm də Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olacağı halda, bir-birini qorumaq üçün birgə addımların atılması qətiyyətinin ifadə edilməsidir. Yeri gəlmişkən, Bəyannamə Ermənistandakı revanşist qüvvələrə və onların havadarlarına da açıq mesaj kimi qəbul edilməlidir.
Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi-ticarət əlaqələrinin zirvəyə çatdırılması, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və digər sahələrdə əsl inkişaf modelinin formalaşmasını əks etdirir. Ələlxüsus da, iki qardaşın birgə iradəsi sayəsində qlobal enerji təhlükəsizliyinin, Avropanın enerji təminatının açarı olan Cənub Qaz Dəhlizinin dayanıqlılığının möhkəmlənməsi, trans-nəqliyyat və logistika qovşaqlarının yaradılması üçün də çox böyük önəm daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31