İrana bağlı SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) strukturlarına yaxın media orqanlarında Azərbaycana qarşı qərəzli və təxribat xarakterli iddialar səsləndirilməyə başlanıb.
Musavat.com-un xəbərinə görə, iddialarda bildirilir ki, guya Azərbaycan İsrailə neft satır, bu neft vasitəsilə sionist rejimin hərbi təyyarələri yanacaqla təmin olunur və İran ərazisinə, xüsusilə də Təbrizə hücumlar həyata keçirilir.
Siyasi analitik Asif Nərimanlının fikrincə, bu iddiaların arxasında gizli məqsəd dayanır.
O qeyd edir ki, İran rejimi Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham etməklə əslində Arazın o tayındakı milyonlarla soydaşımızın Azərbaycan dövlətinə olan mənəvi bağlılığını sarsıtmağa çalışır:
"Bu hücumların məqsədi müharibənin gedişində nəzarəti itirmək riski olan rejimin cənubdakı soydaşlarımızı Azərbaycanla psixoloji ziddiyyətə salmaq və onların gözündə rəsmi Bakını "günahkar" göstərmək cəhdidir".
Asif Nərimanlı əlavə edir ki, bu, Bakı-Təbriz qardaşlığını sarsıtmaq üçün həyata keçirilən təbliğat kampaniyasının tərkib hissəsidir:
"Çünki İran rejimi anlayır ki, böhran zamanı cənubdakı soydaşların arxasında dayana biləcək, onların gələcəyini düşünə biləcək yeganə dövlət Azərbaycandır. Bu səbəbdən SEPAH-a yaxın media vasitəsilə Bakı-Təbriz xəttinə nifaq toxumu səpirlər".
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev isə məsələyə aydınlıq gətirərək, Azərbaycanın neft ixracının tamamilə bazar qaydaları ilə tənzimləndiyini bildirib:
"Neft bazarının qaydalarına görə, neft tankerlərə yüklənib açıq dənizə çıxandan sonra onun hara satıldığını nə Azərbaycan dövləti, nə də başqa bir ölkə müəyyən edə bilər. Orada onlarla treyder var və neft dəfələrlə alqı-satqı ilə əl dəyişir. Azərbaycan bu prosesə nəzarət edə bilməz və etməməlidir də. Bu, dünya neft bazarının normalarıdır".
Ekspertlər qeyd edir ki, İranın bu cür təxribat xarakterli kampaniyaları yalnız daxili auditoriyanı manipulyasiya etməyə və regional birliyi pozmağa yönəlib.
Lakin gerçəklik bundan ibarətdir ki, İsrailin hərbi əməliyyatları ilə Azərbaycanın heç bir birbaşa və ya dolayı əlaqəsi yoxdur. Azərbaycanın yürütdüyü siyasət beynəlxalq hüquqa, milli maraqlara və regional sabitliyə əsaslanır.