"Maddi təminatın artması vətəndaşların dövlətə inamını gücləndirir"- Turan Rzayev- ÖZƏL
13 İyun 15:20 SiyasətPrezident İlham Əliyevin sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı son fərmanı ölkədə sosial rifahın yüksəldilməsi və sosial-siyasi sabitliyin möhkəmlənməsi baxımından önəmli addımdır. Olaylar.az- açıqlama verən politoloq Turan Rzayevin fikrincə, bu qərar həm aztəminatlı təbəqələrin həyat keyfiyyətini yaxşılaşdırır, həm də vətəndaşların dövlətə inamını artırır:
"Prezident İlham Əliyevin sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin artırılması ilə bağlı imzaladığı son fərman bu indiki məqamda çox mühümdür. Bu qərar bir neçə aspektdən önəmlidir. Birincisi, ölkədə sosial müdafiənin əsas hədəf qruplarına təqaüdçülərə, aztəminatlı ailələrə, xüsusi təbəqələrə yönəldilməsi mühümdür. Çünki sosial müavinətlər əsasən iş qabiliyyətini itirmiş, təqaüdçü və digər sosial qruplara yönəldilir. Bu təbəqələrin işə çıxma imkanları çox vaxt məhdud və ya yoxdur, ona görə də sosial dəstək onların həyat keyfiyyətini artırmaq üçün zəruridir. Həmçinin, sosial rifahın yaxşılaşdırılması insanlarda daha sağlam və sabit psixoloji vəziyyət yaradır ki, bu da işə çıxmaq, təhsil almaq və ümumi fəaliyyət göstərmək üçün stimul yaradır.
İkincisi, bu addım ölkədə sosial-siyasi sabitliyin möhkəmlənməsinə xidmət edir. Maddi təminatın artması vətəndaşların dövlətə inamını gücləndirir, sosial narazılıq azaldır. Bu, xüsusilə hazırkı qlobal iqtisadi çətinliklər şəraitində böyük önəm daşıyır. Stabil sosial mühit siyasi sabitliyin əsas sütunlarından biridir və bu fərman sosial sabitliyə dəstək funksiyasını yerinə yetirir.
Üçüncüsü, ictimai rəy baxımından bu qərar müsbət qarşılanacaq. Sosial müavinətlərin artırılması vətəndaşların gündəlik həyatda rast gəldikləri çətinliklərin yüngülləşdirilməsi istiqamətində real addımdır və bu, dövlətin sosial siyasətinə olan etimadı möhkəmləndirir. Beləliklə, dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın artırılması və ictimai dəstəyin təmin olunması üçün vacib zəmin yaradılır.
Prezident İlham Əliyevin imzaladığı fərman həm sosial rifahın yüksəldilməsi, həm də ölkədə sosial-siyasi sabitliyin təmin olunması baxımından önəmli və məqsədyönlü addımdır. Təbii ki, bütün bunlara baxmayaraq həqiqətən, sosial müavinətlərin artırılması problemlərin tam həlli deyil, amma bu addım əhəmiyyətli irəliləyişdir. Dövlətin sosial dəstəyin səviyyəsini tədricən artırmaq niyyətində olduğu aydın şəkildə görülür. Digər tərəfdən artırılan məbləğlər həmçinin inflyasiya və yaşayış xərcləri nəzərə alınmaqla tənzimlənir. Əlavə olaraq, sosial siyasət yalnız müavinətlərlə məhdudlaşmır, həm də məşğulluq, təhsil və digər sahələrdə proqramlarla dəstəklənir ki, bu da vətəndaşların həyat şəraitinin yaxşılaşmasına xidmət edir".
Zeynəb Mustafazadə