Dünyanı sarsıdan hərbi əməliyyat: İran-İsrail müharibəsi qlobal böhrana çevrilə bilər- ÖZƏL
13 İyun 14:36 SiyasətBu gün səhər İsrailin İrana qarşı başladığı genişmiqyaslı əməliyyat bölgədə vəziyyəti gərginləşdirib. Hər iki tərəfin sərt mövqeyi və beynəlxalq reaksiyalar göstərir ki, qarşıdurma nəinki regional, hətta qlobal təhlükəyə çevrilə bilər.
Politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib ki, Münaqişənin miqyası böyüsə, nəticələr həm regional, həm də qlobal olacaq:
"İsrailin bu gün səhərdən İrana qarşı başlatdığı hərbi əməliyyatlar kifayət qədər ciddi nəticələrə gətirib çıxarıb. Faktiki olaraq İranın hərbi elitası sıradan çıxarılıb, zərərsizləşdirilib.
Bundan başqa, İranın atom nüvə proqramı ilə məşğul olan aparıcı şəxslərə qarşı da əməliyyatlar olub və onlar da sıradan çıxarılıb. Bu əməliyyatlarda İsrailin 200-dən artıq təyyarəsi iştirak edib və onlar 100-dən artıq hədəfə zərbələr endiriblər. Bu olduqca böyük bir əməliyyat kimi qəbul olunmalıdır və qeyd etdiyimiz kimi, İranın təhlükəsizlik, müdafiə, hərbi elitasının ən önəmli simaları aradan götürülüb.
Üstəlik, bu əməliyyatlar yalnız xaricdən deyil, eyni zamanda daxildən də həyata keçirilir ki, bu da onu göstərir ki, İsrail kəşfiyyatı İran daxilinə hansı səviyyədə sızma əldə edib və hansı nəticələrə nail olub.
Şübhəsiz ki, İsrail tərəfi ilk andan bəyan edib ki, onlar İranın müvafiq hərbi potensialını və eyni zamanda onun hərbi rəhbərliyini, elitasını zərərsizləşdirmək üçün bu əməliyyatı aparırlar. Əgər İran tərəfindən İsrailə qarşı addımlar atılacaqsa, İsrail də bunu cavabsız qoymayacaq.
Hazırda beynəlxalq ictimaiyyətin reaksiyası ondan ibarətdir ki, bu gərginlik böyümədən nəzarət altına alınsın və artıq İran BMT Təhlükəsizlik Şurasının toplanmasını tələb edir, müxtəlif ölkələr isə tərəfləri sükuta dəvət edirlər.
İran artıq amerikalı diplomatlarla danışıqlardan çəkildiyini bəyan edib. Halbuki bir neçə gün sonra Omanın paytaxtında altıncı raund görüşlər keçirilməli idi. İran özü də İsrailə qarşı artıq cavab hücumlarına başlayıb.
Düşünürəm ki, bu savaş keçmişdəki bir dəfəlik zərbə ilə bitən əməliyyatlardan fərqli olaraq daha uzun müddət davam edə bilər, bir neçə gün çəkə bilər. Nəzərə alsaq ki, İran ABŞ-i də təhdid edir, bildirir ki, İrana hücum olarsa, İran ABŞ-nin bölgədəki - Yaxın və Orta Şərqdəki - hərbi strukturlarına zərbələr endirəcək.
Bu olarsa, bu, o demək olacaq ki, münaqişənin miqyası böyüyəcək. O zaman yalnız Amerika deyil, eyni zamanda ABŞ-nin hərbi bazalarının yerləşdiyi ölkələr də İranın hədəfində olacaq. Bu isə genişmiqyaslı qarşıdurma deməkdir. Düşünürəm ki, bütün hallarda yaxın bir neçə gün ərzində bu münaqişəni səngitmək mümkün ola bilər, bu ehtimal da kifayət qədər yüksəkdir.
Nəzərə alsaq ki, ABŞ Prezidenti də bəyan edib ki, İran İsrailə hücum edərsə, ABŞ İsraili müdafiə edəcək. Bu gün ABŞ vaxtı ilə saat 11-də Təhlükəsizlik Şurasının toplantısı olacaq və hansı qərarların alınacağı da əslində bu prosesə, bu qarşıdurmanın gələcəyinə dair müəyyən işarətlər verə bilər.
Bütün hallarda, bu qarşıdurmanın miqyası böyüyəcəksə, onun həm regional, həm də qlobal nəticələrinin olacağını rahatlıqla söyləmək mümkündür".
Zeynəb Mustafazadə