Bəhruz Quliyev:"TDT-nin Mülki Müdafiə Mexanizmi həmrəyliyin və strateji inteqrasiyanın yeni mərhələsidir" – ÖZƏL

"2023-cü ilin mart ayında Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə qəbul edilən Mülki Müdafiə Mexanizminin yaradılması haqqında qərar, əslində, yalnız humanitar təşəbbüs deyil. Bu, strateji kollektiv təhlükəsizlik və qarşılıqlı inteqrasiya yolunda atılmış tarixi addımdır.
Bu təşəbbüsün ortaya çıxmasına səbəb olan əsas amillərdən biri, məlum olduğu kimi, 2023-cü ildə Türkiyədə baş vermiş dəhşətli zəlzələlərdir. Fəlakət anlarında bir daha şahidi olduq ki, Türk dünyasının birliyi yalnız siyasi və mədəni müstəvilərlə məhdudlaşmamalı, praktik və operativ əməkdaşlığa çevrilməlidir. Xatırladım ki, praktiki olaraq fövqəladə vəziyyətlərdə onsuz da Türk Dünyası biri-birinə yardımlar edir. Bu sənəd isə faktiki olaraq birgə fəaliyyəti rəsmiləşdirdi". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Ekspertin sözlərinə görə, Azərbaycan  prezidenti İlham Əliyev bu təşəbbüsə xüsusi önəm verərək bildirib ki, bu tip mexanizmlər, təkcə fövqəladə hallarda deyil, ümumilikdə regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm vasitədir. Cənab Prezidentin fikrincə, bu mexanizm TDT-nin qurumları arasında vahid fəaliyyət standartları, operativ cavab sistemləri və qarşılıqlı yardım mədəniyyətinin formalaşmasına xidmət edir. Digər tərəfdən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu təşəbbüsün təşkilat daxilində siyasi və mənəvi həmrəyliyi dərinləşdirəcəyini bəyan edərək onu gələcək əməkdaşlıq modellərinin nüvəsi adlandırıb.

Siyasi ekspert qeyd edib ki, əgər diqqətlə baxsaq, bu addım TDT-nin gələcəkdə NATO-ya bənzər funksional əməkdaşlıq modelinə keçidinin ilkin təməlini təşkil edir. 

"Əlbəttə, bu gün hədəf hərbi blok qurmaq deyil. Amma sistemli mülki müdafiə, ortaq reaksiya komandaları, təlim protokolları, çevik logistik əməkdaşlıq kimi elementlər sabah birgə hərbi və təhlükəsizlik mexanizmlərinin sınaq platformasına çevrilə bilər. Bu, o deməkdir ki, TDT artıq təkcə mədəni və tarixi ortaq irsə əsaslanan birlik deyil. TDT - indi gələcək risklərə hazır olan, çevik və cavabverici regional platformadır.
Azərbaycana isə  bu prosesdə həm praktik bilik, həm də siyasi iradə baxımından əsas oyunçulardan biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz postmüharibə dövründə sürətli bərpa və müdafiə tədbirləri ilə regionun sabitlik modeli rolunu oynayır. Azərbaycanın təcrübəsi və texniki potensialı TDT mexanizmlərinə əhəmiyyətli töhfə verə bilər. TDT-nin Mülki Müdafiə Mexanizmi bir fövqəladə hallara cavab sistemindən daha çoxdur.  Bu, türk dünyasının strateji şüurunun və operativ həmrəyliyinin rəmzidir. Əgər bu istiqamət davamlı və ardıcıl şəkildə inkişaf etdirilərsə, Türk Dövlətləri Təşkilatı yaxın gələcəkdə geosiyasi çəkisi olan, özünütəminli və strukturlaşdırılmış bir birlik kimi dünya siyasi xəritəsində yeni mövqe qazanacaq. Hesab edirəm ki, fəlakət zamanı əl-ələ verən dövlətlər sabah təhlükələrə qarşı da çiyin-çiyinə dayanacaq".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31