Prezident Şuşa ilə bağlı Sərəncam imzaladı

Şuşanın "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" olması ilə bağlı tədbirlər planı hazırlanacaq.

Olaylar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşaya xüsusi ehtiramın ifadəsidir və üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın daha da genişlənməsində özünəməxsus rol oynayacaq.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Şuşa şəhərinin 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, həmçinin bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31