“Medinskinin Qarabağla bağlı açıqlaması gələcək proseslərə hesablanıb” – Ramiyə Məmmədova – ÖZƏL

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinskinin  Qarabağla bağlı səsləndirdiyi fikir ciddi rezonansa səbəb olub.

Maraqlıdır, Medinskinin Qarabağa dair  açıqlaması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə hansı mənfi təsirləri göstərə bilər? 

"Rusiyanın bu cür bəyanatlar verməsi ilk dəfə deyil. Onlar hər zaman ikimənalı açıqlamalarla çıxış edirlər. Vladimir Medinski də əslində kifayət qədər bilikli, intellektual bir insandır. Onun  Qarabağı "mübahisəli ərazi" adlandırması, əslində, gələcək proseslərə hesablanmış bir yanaşmadır. Yəni  Azərbaycanın 30 il gözlədikdən sonra güc yolu ilə torpaqlarını geri alması fonunda o, bu prosesi digər bölgələr, xüsusilə də Krım, Luqansk, Donetsk kimi ərazilərlə müqayisə edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi qeyd edib ki, Rusiya ilhaq etdiyi əraziləri öz torpaqları kimi rəsmiləşdirməyə çalışır və bu yanaşmanı Qarabağ məsələsinə də tətbiq etməyə cəhd edir:

"Bu müqayisənin müəyyən mənada məntiqi əsasları var. Hazırda Ukraynanın Avropa İttifaqı tərəfindən dəstəklənməsi müşahidə olunur. Lakin 3, 5 və ya 10 il sonra Ukraynanın siyasi və hərbi vəziyyətinin necə olacağı, NATO və ya Aİ-yə üzv olub-olmayacağı hələ dəqiq deyil. Rusiya isə bu qeyri-müəyyənliklər fonunda öz təhlükəsizlik zonasını yaratmağa çalışır və sülh müqaviləsi bağlanarsa, ilhaq etdiyi əraziləri artıq öz ərazisi kimi rəsmiləşdirməyə can atır. Beləliklə, Ukraynanın həmin torpaqlara gələcəkdə iddia etməsinin qarşısını almaq istəyir. Məsələ burasındadır ki, bu yanaşma ilə Rusiya həmin əraziləri, sovet dövründə Ukraynaya verilmiş torpaqlar kimi təqdim edir və beləliklə də, onların geri qaytarıldığını iddia edir. Eyni yanaşma Qarabağa da tətbiq olunmağa çalışılır. Yəni Medinski bu məsələyə istinad edərək Qarabağla bağlı oxşar rəy bildirir. Lakin Rusiyanın Qarabağla bağlı mövqeyi heç vaxt tam qəti və bir mənalı olmayıb".

Ramiyə Məmmədova vurğulayıb ki, Qarabağ məsələsi Azərbaycan üçün bitib, lakin sülh müqaviləsi imzalanmayana qədər təxribat riski qalır və bu səbəbdən proses tezliklə yekunlaşdırılmalıdır.

"Rusiyada müxtəlif rəsmi şəxslər bu məsələyə fərqli yanaşmalar sərgiləyirlər. Bu da onların ideoloji baxışlarının və geopolitik maraqlarının nəticəsidir. Ermənistan-Azərbaycan münasibətləri fonunda baş verən proseslərə fərqli yanaşmalar mövcuddur və Medinskinin açıqlamaları da, böyük ehtimalla, Rusiya-Ukrayna məsələsinin fonunda formalaşır. Qarabağ məsələsinə gəlincə, bu, Medinskinin şəxsi fikri də ola bilər. Çünki bu məsələ hələ tam sülh müqaviləsi imzalanmadığına görə, Ermənistanla Azərbaycan arasında formal olaraq "həll olunmamış məsələ" kimi görünür. O, bu çıxışı ilə demək istəyir ki, bu məsələ ya yaxın zamanda, ya da daha gec bir vaxtda sülh müqaviləsi ilə yekunlaşa bilər. Ancaq Azərbaycan üçün məsələ artıq bitib. Biz öz torpaqlarımızı azad etmişik, orada ordumuzu yerləşdirmişik və sərhədlərimizin delimitasiyası prosesi də gedir. Lakin sülh müqaviləsi imzalanana qədər Ermənistan tərəfindən təxribat və ya yeni iddialar istisna deyil. Bu səbəbdən də  Azərbaycan bu prosesi sürətləndirməli, sülh müqaviləsinin tezliklə bağlanmasına çalışmalı və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi Ermənistan tərəfindən də tanınmasına nail olmalıdır. Beləliklə, bu məsələ bir dəfəlik və qəti şəkildə həllini tapmalıdır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31