Sözlə yox, sənədlə: Qardaşlıq möhürü – Şuşa Bəyannaməsi- ÖZƏL
12 İyun 16:56 Siyasət"Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında imzalanmış çox xüsusi bir sənəddir və mən deyərdim ki, bəlkə də bunun dünyada heç analoqu yoxdur". Bu sözləri politoloq Tofiq Abbasov Olaylar.az saytına açıqlamasında deyib:
"Bilirik ki, müttəfiqlik, tərəfdaşlıq çox geniş tətbiq olunan anlayışlardır. Bəzi ölkələr müxtəlif dövrlərdə konyunkturadan irəli gələrək özlərinə yeni tərəfdaş tapırlar. Amma bizdə əzəldən bu münasibətlər olub, bir-birimizə inam olub, bir cəbhədə vuruşmuşuq. Ona görə də Şuşa Bəyannaməsi demək olar ki, tarixin bütün təcrübəsini nəzərə alaraq iki liderin - Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın yaratdıqları böyük bir nəticədir.
Onlar çox vaxtında və dəyərli bir bəyannamə qəbul etdilər ki, bu artıq həm də dünyaya bir mesajdır. Birincisi, bizim dövlətlər, xalqlarımız arasında həqiqətən də çox etibarlı münasibətlər var. Qarşılıqlı etimad ümumilikdə yüksək səviyyədədir və bu göstəricilər də imkan verir ki, biz bir-birimizə arxalanaq.
Çünki bu, sirr deyil: Qafqaz bölgəsi tarixən qeyri-sabit sayılır. Burada münaqişələr üçün əsaslar həmişə olub və indi də var, biz bunu görürük. Bunlardan da istifadə edən həmişə xarici qüvvələrdir, çünki onların məqsədi burada sabitliyi pozmaqdır.
Türkiyə Qafqaz bölgəsinə çıxışı olan məmləkətdir, Azərbaycan isə bu bölgədə yerləşən ölkədir. Bizim ortaq münasibətlərimiz, ortaq dəyərlərimiz, hədəflərimiz və baxışlarımız var. Ona görə də qarşılıqlı şəkildə imkanlarımızı birləşdiririk ki, ilk növbədə burada sabitliyi qoruyaq. Digər tərəfdən, əgər hər hansı çağırış, təhdid, risk olarsa, onların qarşısını alaq və insanların dinc yaşayışını təmin etmək, həmçinin beynəlxalq proseslərin burada axarını saxlamaq məsuliyyətini də öz üzərimizə götürmüşük.
Əlbəttə, elə bu bəyannamənin müddəaları dünyaya mesajdır ki, Azərbaycan-Türkiyə əməkdaşlığı, silah birliyi, hərbi-strateji sahələrdəki əməkdaşlıq üçüncü dövlətlərə qarşı tətbiq olunan bir hazırlıq deyil.
Əksinə, Türkiyənin özü dəfələrlə xarici qüvvələrin basqısına, təzyiqinə məruz qalmış ölkədir. Azərbaycan isə həmişə ermənilər, digər qüvvələr tərəfindən ilhaqla üzləşib, işğal proseslərinə artıq şahid olmuşuq və görmüşük ki, nə dərəcədə azğın qonşular, bəd qüvvələr, qara qüvvələr bu torpaqlarda hökmranlıq etməyə çalışırlar.
Bunun qarşısını almağın yalnız bir yolu var: birincisi, özümüzün güclü olmağımız və digər tərəfdən də müttəfiqlərimizin bizimlə bir cərgədə olması. Ona görə də elə başa düşürəm ki, burada heç bir dövlət, heç bir qüvvə deyə bilməz ki, Azərbaycan və Türkiyə aqressiv planlar üzərində çalışırlar və onların məqsədi kimlər üçünsə problem yaratmaq, təhdid törətməkdir. Xeyr, bu, əsla belə deyil.
Bizim niyyətlərimiz açıqdır, istəklərimiz bəllidir və çalışırıq ki, bölgənin birinci növbədə təhlükəsizliyini təmin edək.
Təsadüfi deyil ki, Azərbaycan və Türkiyə bir çox regional əməkdaşlıq formatlarında bir yerdə, bir cərgədədilər. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-Türkiyə-İran və sair. Bütün bunlar onu göstərir ki, niyyətlər sağlamdır, istəklər nəcibdir və biz çalışırıq ki, beynəlxalq inteqrasiyada da aktiv rolumuzu qoruyub saxlayaq və göstəricilərimizi də durmadan yüksəldək. Bu bəyannamənin doğurduğu nəticələr artıq göz önündədir.
Son illər ərzində, xüsusilə də son ildə birgə təlimlər keçirmişik, hərbi sənaye komplekslərimiz yaxınlaşıb, yüksək texnologiyalar sahəsində ortaq əməkdaşlıq formalaşıb, Texnofest tədbirində birlikdə iştirak edirik və s. Bunların hamısı nəyi göstərir? Onu göstərir ki, biz həm texnoloji bacarıqlar əldə etməyə, həm də onun gücünü artırmağa çalışırıq.
Çünki texnologiyalar həmişə öndə gedən ölkələrin ixtiyarında olub. Onlarda çox vaxt bölüşülmür, əksinə gizlədilir, ört-basdır edilir.
Ona görə də bizim yolumuz ondan ibarətdir ki, qardaş dövlətdəki ağıllı insanlarla, düşüncəli mütəxəssislərlə, insan kapitalının reallaşması zəminində texnologiyalara yiyələnək.
Bu da həm bizim üçün, həm də gələcək nəsillərimiz üçün vacib bir məsələdir".
Zeynəb Mustafazadə