“Azərbaycan Orta Asiya üçün strateji körpüdür” – Elçin Xalidbəyli – ÖZƏL

Türkmənistanın Milli Lideri, Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri planlaşdırılır. Verilən məlumata əsasən, səfər 16 iyun tarixində baş tutacaq. Səfər çərçivəsində Bakıda yüksək səviyyəli rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulur. Tərəflər arasında keçiriləcək danışıqlarda Azərbaycanla Türkmənistan arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinin müzakirə olunacağı gözlənilir. 

Berdiməhəmmədovun sürpriz səfərinin məqsədi nədir? Başqa hansı məsələlər müzakirə edilə bilər?

"Azərbaycanın qlobal məkandakı mövqeləri ciddi şəkildə möhkəmlənir. Azərbaycan bu gün siyasi iradə mərkəzinə çevrilib və bu baxımdan strateji əhəmiyyəti ən yüksək səviyyəyə çatıb. Ölkəmiz artıq önəmli bir regional lider dövlət kimi tanınır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi qeyd edib ki, Azərbaycan Orta Asiya ölkələri üçün enerji və ticarət sahəsində strateji körpü və cazibə mərkəzinə çevrilib:

"Türkmənistanın  Azərbaycanla ikitərəfli münasibətləri inkişaf etdirmək istəyi təəccüblü deyil. Çünki  Azərbaycan təkcə Türkmənistan üçün deyil, digər Orta Asiya dövlətləri üçün də ciddi cazibə mərkəzinə çevrilib. Hazırda  Azərbaycan  Avropa və Asiya arasında olduqca önəmli strateji körpü rolunu oynayır. Orta Asiya ölkələri, o cümlədən Türkmənistan da dünyaya çıxış imkanlarını genişləndirmək baxımından Azərbaycanla münasibətlərin maksimum səviyyədə inkişafında maraqlıdır.
Türkmənistan enerji resursları ilə zəngin bir ölkədir və bu resursları dünya bazarlarına çıxarmaqda maraqlıdır. Məhz bu baxımdan Azərbaycan Türkmənistan üçün strateji əhəmiyyət daşıyan bir dövlətdir. Çünki Azərbaycanın həm nəqliyyat-kommunikasiya xətləri, həm də enerji ixrac sistemi Orta Asiya ilə Avropanı birləşdirmək baxımından həlledici faktorlardan biridir.
Böyük ehtimalla, Türkmənistan öz enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün Azərbaycanın enerji ixrac boru kəmərlərindən istifadə imkanlarını müzakirə etmək niyyətindədir. Bu məsələdə rəsmi Bakı ilə hər iki tərəfin maraqları çərçivəsində qərarların qəbul olunması mümkündür.
Bu baxımdan demək olar ki, Orta Asiya ölkələri, o cümlədən Türk dünyası dövlətləri üçün strateji cazibə mərkəzinə çevrilən Azərbaycan, hazırda Türkmənistan üçün enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq baxımından olduqca vacib tərəfdaşa çevrilib. Türkmənistan liderinin Bakıya səfəri də bu mənada tamamilə gözləniləndir.
Ümumiyyətlə, yaxın gələcəkdə bu cür səfərlərin artacağı və Azərbaycanın həm Türkmənistan, həm də digər Orta Asiya dövlətləri ilə iqtisadi-ticari inteqrasiyasının daha da genişlənəcəyi qətiyyən şübhə doğurmur".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31