Azərbaycanın beynəlxalq miqyasda mövqeyi daha da möhkəmlənib- ÖZƏL

"Ulu Öndər Heydər Әliyevin layiqli davamçısı, Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə 2003-cü ildən etibarən Azərbaycanın inkişafında yeni mərhələnin bünövrəsi qoyuldu. Ölkəmiz ötən dövrdə uğurlu inkişaf yolu keçib, beynəlxalq miqyasda mövqelərimiz daha da möhkəmlənib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Ulu Öndərimiz Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Cənab Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və Qarabağın erməni separatçılarından təmizlənməsi də bu uğurların məntiqi nəticəsidir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda təməllər atır, bayram tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bundan sonra da möhtəşəm nailiyyətlər əldə edəcək, işğaldan azad olunmuş ərazilərimiz ən yüksək səviyyədə bərpa olunacaq və bütün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Bütün bu qürurlu hadisələrin təməlində isə qurtuluş məfkurəsi dayanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31