Şuşa Bəyannaməsinin ruhu tarixdən gəlir - ÖZƏL

"15 iyun 2021-ci il Azərbaycanın müasir tarixində mühüm bir dönüm nöqtəsinin tarixidir. Məhz həmin gün  Azərbaycanın mədəniyyət beşiyi qədim Şuşa şəhərində azadlığın və Zəfərin simvoluna çevrilmiş bu müqəddəs torpaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalandı. Bu sənəd yalnız iki qardaş ölkə arasında strateji münasibətlərin zirvəsi deyil, həm də bölgədə yeni geosiyasi nizamın əsasını qoyan tarixi aktdır". "Olaylar"ın məlumatına görə, bunu Milli  Məclisin deputatı Məşhur Məmmədov deyib:"Şuşa Bəyannaməsinin ruhu tarixdən gəlir. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin təməli oldu. Bu Bəyannamə ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün mirasına sadiqliyin göstəricisidir. Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", ulu öndər Heydər Əliyevin isə "Biz bir millət, iki dövlətik" fikirləri bu sənədin fəlsəfi və ideoloji dayağına çevrilmişdir. Ölkə rəhbəri İlham Əliyevin dediyi kimi, "biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannəməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk".
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə  arasındakı əlaqələrin yalnız siyasi və hərbi deyil, bütün strateji sahələri - iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, təhsil, mədəniyyət, ordu quruculuğu və diplomatiyanı əhatə edən bir sənəddir. Daha doğru ifadə etsək, bu, sadəcə bir Bəyannamə deyil, bu, ortaq gələcəyə verilən imzadır. İki dövlətin birgə maraqlarını təmin edən hüquqi və siyasi baza kimi çıxış edən sənəd bölgədə sabitlik və əməkdaşlıq üçün etibarlı zəmin formalaşdırır.
Şuşa Bəyannaməsinin məhz Şuşada - Qarabağda imzalanması Qalib Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsinin, siyasi qətiyyətinin və strateji düşüncəsinin nəticəsidir. 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər təkcə torpaqlarımızın azadlığı deyil, həm də regionda yeni reallıqların formalaşdırılması idi. Prezident İlham Əliyev bu reallıqları peşəkar diplomatiya ilə Şuşa Bəyannaməsi ilə hüquqi və diplomatik çərçivəyə saldı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31