Şuşa bəyannaməsi qardaşlaşmanın ruhudur- Azər Həsrət- ÖZƏL
12 İyun 13:00 Siyasət"Hər şeydən öncə onu xüsusi vurğulamaq lazımdır ki, Şuşa bəyannaməsi, adından da göründüyü kimi, məhz işğaldan azad edilmiş Şuşada, özü də 15 iyun Milli Qurtuluş günündə 2021-ci ildə Azərbaycan Prezidenti və qardaş Türkiyənin cumhurbaşkanı tərəfindən imzalanmışdır. Yəni, Azərbaycan Prezidenti və Türkiyə Cumhurbaşkanı məhz işğaldan azad edilmiş Şuşada bu iki dövlət arasında qardaşlıq münasibətlərinin yeni mərhələyə daşınması üçün bu bəyanatı imzalamışdır."
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət 2021-ci ilin iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Müttəfiqlik Münasibətləri Bəyannaməsi (Şuşa Bəyannaməsi) strateji sənədə münasibət bildirərkən deyib: "Təbiidir ki, bəyanatdan irəli gələn qarşılıqlı dəstək, qarşılıqlı anlaşma, qarşılıqlı yardımlaşma və s. məsələlərinin xüsusi vurğulanması yerinə düşür. Çünki Azərbaycan torpaqlarının işğal altında olması dövründə də daim qardaş Türkiyənin dəstəyini hiss edib, amma bu bəyanatda xüsusi olaraq vurğulanır ki, qardaş Türkiyə torpaqların işğaldan azad edilməsində özünün mənəvi-siyasi dəstəyini də əsirgəməmişdir. Bu, çox önəmli bir məqamdır. Bilirsiniz ki, 44 günlük müharibənin gedişində Ermənistan dünyaya təbliğat aparırdı ki, guya Qarabağda torpaqların işqaldan azad edilməsində vuruşan tərəf Azərbaycanla bərabər həm də Türkiyədir, guya Türk ordusu gəlib orada vuruşur, amma əlbəttə ki, belə bir iddianı təsdiq edəcək heç bir fakt ortaya qoya bilmirdilər. Bax, Şuşa bəyannaməsində Türkiyənin mənəvi-siyasi dəstəyinin vurğulanması sözü qeyd edilməlidir. Ümumiyyətlə, Azərbaycanın işqaldan azad edilmiş torpaqlarının bərpası, Naxçıvanla bağlı məqamların vurgulanması, bütövlükdə bu iki dövlətin bundan sonraki mərhələdə daha da sıx inteqrasiya olunması, yaxınlaşması Şuşa bəyannaməsinin ruhunu təşkil edir. Təbiidir ki, bütün bunlarla bərabər, bəyannamənin məhz Şuşada, ermənilərin xarabazarlığa çevirdiyi tarixi binaların fonunda imzalanması bir ayrı məsələdir. Yəni, dünya, bilirsiniz ki, ermənilərin yalan təbliğatının qurbanıdır. Ermənistan və ermənilər illərdir dünyaya təbliğ edirlər ki, azərbaycanlılar vəhşidir, türklər vəhşidir, ümumiyyətlə, bunlar hər şeyi dağıdır, məhv edir və s. Azərbaycan və qardaş Türkiyənin rəhbərləri Şuşa bəyannaməsini Şuşa şəhərində, ermənilərin xarabazara çevirdiyi Natəvanın ev muzeyinin fonunda imzalamaqla, həm də onu göstərmiş oldular ki, əsl vəhşilər kimlərdir. Düşünürəm ki, qardaşlaşma, inteqrasiya proseslərində Şuşa bəyannaməsinin özünə məxsus rolu var və təbidir ki, bu rol getdikcə daha da güclənəcək.
İbrahim Məmmədli