Məcburi köçkünlərin doğma yurda qayıdışı dövlət siyasətinin mühüm prioritetidir

İstiqamət: İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-bərpa işlərinə start verilib. Ərazü bütövlüyü və suverenliyini təmin edən Azərbaycan heç bir xarici donorun maliyyə dəstəyi olmadan, yalnız öz daxili imkanları hesabına misli görünməmiş layihələr həyata keçirib. Məhz görülən işlərin nəticəsidir ki, indiyə qədər çoxsaylı soydaşlarımız doğma yurdlarına qayıdıblar. Məlumat üçün bildirək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır. 
İşğaldan azad edilmiş ərazilərdə qaz, istilik təchizatı ilə təminat, eyni zamanda yerləşən tarixi abidələrin bərpası işinin təşkili, abidələrin inventarlaşdırılması, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması işləri gələcəkdə sürətli məskunlaşmaya şərait yaradacaq. Hazırda məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı dövlət siyasətinin mühüm prioritetidir. Odur ki, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə sürətlənir, Böyük Qayıdış proqramı uğurla icra olunur. 30 ilə yaxın müddətdə doğma yurd-yuvasından ayrı düşən insanların tez bir zamanda işğaldan azad olunan ərazilərə qayıtması üçün genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işləri ilə yanaşı onların məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi, yeni iş yerlərinin açılması, keyfiyyətli səhiyyə və təhsil, zəruri rabitə infrastrukturu və digər xidmət sahələrinin yaradılması dövlətimiz tərəfindən bütün incəlikləri ilə nəzərə alınıb.
Prezident İlham Əliyevin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na  əsasən, Qarabağ və Şərqi Zəngəzura 2026-cı ilədək 34 min 500 ailənin köçürülməsi nəzərdə tutulur. Bu isə növbəti 4 ildə 160 minə yaxın vətəndaşımızın öz ata-baba yurdlarına qayıtması deməkdir. Hazırda əhalinin qayıdışını təmin etmək üçün bu ərazilərdə tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Hazırda erməni quldurları tərəfindən dağıdılan Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Laçın və Kəlbəcərdə infrastruktur yenidən qurulur. Uzun müddətin və böyük maliyyənin tələb olunmasına rəğmən, hazırda Azərbaycan dövləti tərəfindən heç bir donorun - digər dövlətlərin və beynəlxalq təşkilatların yardımı olmadan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi davam edir.
Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışındakı çıxışında işğalqdan azad olunmuş ərazilərimizdə həyata keçirilən layihələr bardədə məlumat verib: "Bu gün biz azad Qarabağda azad yaşayırıq. Bu gün Ağdam və bütün digər şəhərlərimiz bərpa edilir. Bu gün səhər Ağdam dəmir yolu vağzalının açılışını qeyd etdik. Bakıdan, Gəncədən, digər bölgələrdən Ağdama rahat gəlmək üçün indi gözəl imkanlar var. Eyni zamanda, biz  Ağdam-Xankəndi dəmir yolunun bərpası istiqamətində işlərə başlamışıq və yəqin ki, bir il yarım, maksimum iki il ərzində Xankəndi şəhərində vağzal kompleksi tikiləcək. Bildiyiniz kimi, artıq Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, 8 mindən çox insan yaşayır və eyni zamanda, Xankəndidən, həmin o vağzal kompleksindən Şuşaya gedən yol qısalır. O yolu da biz qısaldırıq. Həm genişləndiririk, həm qısaldırıq ki, maksimum 10 dəqiqə ərzində Xankəndidən Şuşaya gəlmək mümkün olsun. Bir fikrimiz də var. Onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm. Biz  Şuşanı Xankəndi ilə birləşdirən "Kanat yolu" layihəsi üzərində işləyirik. Onu da bildirməliyəm ki, Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq".
Dövlət başçısı həmçinin Qarabağda yaradılan sosial infrastrukturun davamlı olacağını bildirib. Məlum olub ki, doğma və əzəli torpaqlarına qayıdan soydaşlarımız üçün lazım olan bütün infrastruktur yaradılır: "Ağdam-Bərdə avtomobil yolu. İndi Bakıdan gələn qonaqlar o yolla gəliblər. Möhtəşəm bir yoldur. Sovet vaxtında belə yol olmamışdır. Ağdam-Xankəndi-Şuşa yolu, dəmir yolu, infrastruktur layihələri, tarixi abidələrimizin bərpası - birinci bərpa edilmiş bina Ağdam Cümə məscidi idi. İndi Qiyaslı məscidində bərpa işləri aparılır. Yaşayış kompleksləri inşa edilir, iki mehmanxana inşa edilib. İmarət kompleksi bərpa edilib, Xaçınçay su anbarı əkin sahələrini, torpaqları suvarma suyu ilə təmin etmək üçün fəaliyyətə başlayır və bir çox başqa layihələr icra edilir. Bunlar təkcə Ağdam rayonuna aiddir. Əgər bütün görülən işlərin miqyasını götürsək, sözün düzü, mən bilmirəm hansı ölkədə hazırda bu miqyasda quruculuq, inkişaf işləri aparılır. Yəni bu, yenə də xalqımızın zəhməti hesabına qazanılan nailiyyətdir. Bütün bunları biz öz hesabımıza edirik və bütün işləri də özümüz planlaşdırırıq. Bütün insanlar həvəslə, zövqlə işləyirlər. Belə gözəl mədəniyyət ocaqları yaradırıq və bu gün burada məndən sonra çıxış edəcək bizim tanınmış ifaçılar öz məharətlərini göstərəcəklər. İstərdim ki, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam bayramları, o cümlədən muğam müsabiqələrinin tədbirləri keçirilsin. Əminəm ki, belə də olacaq". Onu da qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu layihələrin arasında hava limanlarının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. İndiyədək bu ərazilərimizdə müasir standartlara cavab verən Füzuli və Zəngilan Beynəlxalq Hava limanları inşa olunub. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə  Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatıb.
Ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2027−2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanmasına dair sərəncam imzalayıb. 
Şübhəsiz ki, sözügedən proqram keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışını təmin etməklə yanaşı, ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaradacaq. Sözsüz ki, işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması baxımından xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirir. Bu baxımdan, Qarabağa Böyük Qayıdış həm də ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsində əhəmiyyətli rol oynayır. 
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması, ölkə prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 2-ci Dövlət Proqramı"nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və  Şərqi Zəngəzurun dirçəlişində,  əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir.

Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31