Reallığın dərkində gecikən cəmiyyət: Paşinyanla Ermənistan arasında ideya uçurumu- ÖZƏL

Nikol Paşinyan 44 günlük müharibə ilə bağlı çıxışında "torpaq itirdik, amma daha müstəqil dövlət qazandıq" deyib. Şuşanı isə "bədbəxt və darıxdırıcı şəhər" adlandırıb. Onun Qarabağla bağlı əvvəlki bəyanatları isə mövqeyindəki qeyri-müəyyənliyi üzə çıxarır.

Politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında qeyd edib ki, Paşinyan erməni cəmiyyətinin xəstə təfəkkürünə qarşı çıxır:

"Paşinyan əslində ziddiyyətli fikirlər səsləndirmir. Sadəcə, bu fikirlər erməni cəmiyyətində ziddiyyət kimi qarşılanır. Nəyə görə? Çünki bu günə qədər Ermənistan cəmiyyətində belə bir düşüncə hökm sürürdü ki, Qarabağ onlarındır, "dənizdən dənizə Ermənistan" var, böyük Ermənistan ideyası mövcuddur və.s. Əslində, Paşinyan reallığı görən və dərk edən bir erməni cəmiyyətinin təmsilçisidir. Onun da bu idealları var - böyük dövlət qurmaq və onun başçısı olmaq istəyir. O da şovinizm xislətini bəzi məqamlarda gizlədə bilmir. Amma Paşinyan digərlərindən fərqli olaraq dünya siyasətini görə bilir, reallıqları anlaya bilir və başa düşür ki, 200 ildir tarixin onlara verdiyi ən yaxşı fürsətdə belə, o böyük Ermənistanı qura bilmədilər. "Dənizdən dənizə" ərazilərə sahib ola bilmədilər və ən əsası, heç Qarabağı belə özününküləşdirə bilmədilər.
Ona görə də Paşinyan anlayır ki, indi tarixin onlar üçün verdiyi ən yaxşı fürsətdə - qanunsuz şəkildə əldə etdikləri torpaqları, yəni qərbi Zəngəzur, Göyçə və 1918-ci il 26 may razılaşmasından sonra qanunsuz şəkildə ələ keçirdikləri bütün əraziləri qoruyub saxlamaq lazımdır.
Yəni Paşinyan bu dəqiqə daha artığını əldə edə bilməyəcəklərini görür. Əllərində olan, qanunsuz şəkildə zəbt etdiklərini qoruyub saxlamaq üçün anlayır ki, Türkiyə və Azərbaycanla bütün şərtlərdən asılı olmayaraq razılaşma əldə etmək lazımdır. Erməni cəmiyyəti isə bunu başa düşmür.
Onlar hələ də elə bilirlər ki, arxalarında duran qüvvələr - ruslar, fransızlar, ingilislər, xristian təşəbbüsləri həyata keçirən bütün dairələr - onları dəstəkləyəcək. Elə bilirlər ki, yenə bir səlib yürüşü başlayacaq, yenə Qarabağı ələ keçirəcəklər, və bu Böyük Ermənistan xəyalına doğru irəliləyəcəklər. Amma başa düşmürlər ki, artıq dünya bundan ibarət deyil.
İndi xristian dövlətlərinin öz aralarında ciddi problemləri var. Heç kim erməni təşəbbüskeşliyindən çıxış etmək istəmir. Amerikanın kifayət qədər problemi var. Rusiyanın kifayət qədər problemi var. Fransanın və İngiltərənin milli suverenlik məsələləri var. Təhlükəsizlikləri ciddi risk altındadır.
Bu nöqtədə onların hansı biri əlavə bir problem açıb, Türk dünyası ilə - xüsusilə Türkiyə və Azərbaycanla - düşmən olmaq istəyər? Bunu erməni cəmiyyəti anlaya bilmir, Paşinyan isə anlayır.
İndi Paşinyanın çatmaq istədiyi əsas məqsəd sülhə nail olmaqla mövcud sərhədləri qorumaqdır. O başa düşür ki, növbəti revanşist addım daha çox şey əldə etmək üçün yox, daha çox itkiyə səbəb ola bilər. Bu baxımdan Paşinyan əslində erməni cəmiyyətindəki xəstə təfəkkürlü düşüncəyə qarşı sərt bir şillə vurur - "ayılın, özünüzə gəlin!"
Artıq işğal zamanı deyil. Qarabağ  işğaldan azad edilib və Azərbaycanın tərkibinə qayıdıb. İndi bizim daha əvvəl işğal etdiyimiz, zəbt etdiyimiz torpaqlar təhlükə altındadır və biz onları qorumalıyıq - Paşinyan bu mesajı verir.
Şuşa məsələsində də Paşinyan haqlıdır. Bəli, əgər sən 30 il ərzində oranı özünün hesab edirdinsə, niyə Qarabağa həyat gətirmədin? Söhbət təkcə Şuşadan getmir. Hansı bölgələrdə normal həyat var idi? İnfrastruktur, inkişaf harada idi? Hamısı qanunsuzluq yuvasına, qarabazar mərkəzinə çevrilmişdi. Narkoticarət mərkəzi olmuşdu o ərazilər.
Kimsə özünə aid olan bir vətənə, yurda bu şəkildə yanaşarmı? Əslində, erməni tərəfinin Qarabağın onlara aid olmadığını öz hərəkətləri ilə göstərdikləri bir reallıq idi. İndi Paşinyan da bunu cəmiyyətə göstərməyə çalışır ki, doğrunu anlasınlar, yenilikləri qəbul etsinlər.
Qeyd etdiyimiz kimi, onun əsas məqsədi erməni cəmiyyətini doğruya yönəltmək, izah etməkdir ki, revanşizm onlara xoşbəxtlik gətirməyəcək. Türkiyə və Azərbaycan bu qədər güclənmişkən, geosiyasi reallığı onlar formalaşdırmışkən, həm Türkiyə, həm də Azərbaycanla düşmən münasibətlərdə qalmaq Ermənistan üçün xoşbəxt gələcək vəd etmir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31