Milli Qurtuluş Günü: Dövlətçiliyin bərpası və sabitliyin təmini

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının müasir tarixində əsas dönüm nöqtələrindən biri, tarixi dövlətçiliyimizin xilası və müstəqilliyimizin möhkəmləndirilməsi baxımından əlamətdar bir gündür. Bu tarix Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə bağlıdır. Bütün həyatını xalqına, vətəninə həsr etmiş müdrik dövlət xadimi Heydər Əliyevin adı tariximizə müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılmışdır.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə siyasi, iqtisadi və sosial sabitlik pozulmuşdu. 1992-1993-cü illərdə baş verən siyasi böhran, birinci Qarabağ müharibəsinin ağır gedişi, daxili çəkişmələr və dövlət idarəçiliyindəki səriştəsizlik ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdur. 1993-cü ilin iyun ayında baş verən Gəncə qiyamı isə vəziyyəti daha da gərginləşdirmişdi. 1991-1993-cü illər ərzində dövlətin müstəqilliyinə və suverenliyinə təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü.

Bu çətin və ziddiyyətli şəraitdə xalqın israrlı tələbi ilə o dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev Bakıya dəvət olundu. Heydər Əliyevin güclü nüfuzu, qətiyyətli siyasəti və Azərbaycan xalqının əzmi sayəsində bütün məkrli planların qarşısı alındı və haqsızlıqlara son qoyuldu. 15 iyun 1993-cü ildə o, Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu və sonradan Milli Qurtuluş Günü kimi tarixə düşdü. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. 

Ulu Öndərin rəhbərliyə qayıdışı ölkədə siyasi sabitliyin təmin olunmasında, iqtisadi islahatların başlanmasında və dövlətçiliyin möhkəmlənməsində əsas rol oynadı. Heydər Əliyevin siyasi iradəsi, dövlətçilik təcrübəsi və xalqın etimadı sayəsində ölkədə siyasi sabitlik tam bərpa olundu, və müstəqilliyin möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atıldı. Ölkəmizin xarici siyasət strategiyasının əsasını qoyan Ulu Öndər Azərbaycanın beynəlxalq aləmdə tanınmasına və nüfuz qazanmasına nail oldu. Ulu Öndər ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayaraq bildirmişdi ki, "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz".

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmət qazandı. Hakimiyyətdə olduğu dövrlərdə Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır.

Ümummilli Liderin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Onun bu arzusu 27 ildən sonra Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində reallaşdı. Xalqımızın 44 günlük "Vətən müharibəsi"ndə qazandığı möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının nəticəsidir. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilərək dünya siyasi arenasında layiqli yer tutur.

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31