"Paşinyanın təbriki sadəcə PR kampaniyasıdır" – Tural İsmayılov- ÖZƏL

"Nikol Paşinyanın Azərbaycan xalqını Qurban bayramı münasibətilə ilk dəfə təbrik etməsi şübhəsiz, regiondakı geosiyasi transformasiyaların və daxili təzyiqlərin təsiri altında atılmış addımdır".

Bu fikiri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq bildirib ki, Paşinyanın təbriki Qərbin təzyiqi ilə yaranmış diplomatik görüntüdür:

"Bu "jest" bir çoxları tərəfindən humanitar niyyət kimi təqdim olunsa da, Ermənistanın tarixən ikili standartlarla çıxış etməsi və beynəlxalq aləmdə özünü zərərçəkmiş göstərmək təcrübəsi bu addıma skeptik yanaşmağı tələb edir. Paşinyan rejimi bir tərəfdən regionda sülhdən danışır, digər tərəfdən isə hələ də anti-Azərbaycan ritorikasına səssiz qalır. Ermənistan cəmiyyətində revanşist dairələrə qarşı açıq mövqe ortaya qoyulmadıqca bu tip jestlərin səmimiyyəti sual altındadır. Təbrik mesajı sülh niyyəti ilə yanaşı Qərb dairələrinin təzyiqi ilə yaranmış diplomatik görüntü effekti daşıyır. Azərbaycan xalqı bu cür açıqlamalara illərdir gözlədiyi ədalətin bərpası fonunda qiymət verir, təkcə sözlə yox, əməli davranışla. Paşinyan hökuməti konkret olaraq ərazi iddialarına birdəfəlik son qoymadan və Konstitusiyasında dəyişiklik etmədən sülh mesajlarının real nəticəsi olmayacaq. Ermənistanın 30 illik işğal siyasətini unutdurmaq üçün belə bayram təbrikləri kifayət deyil. Humanitar jestlərin arxasında gerçək niyyət yoxdursa, bu sadəcə PR kampaniyasıdır. Cənubi Qafqazda sülh ancaq dürüst niyyət, beynəlxalq hüquqa hörmət və səmimi münasibətlə mümkündür. Ermənistan hələ də Zəngəzur dəhlizi məsələsində qeyri-konstruktiv mövqedə qalır. Regionda sülh istəyən ölkə qonşusuna qarşı mina təhlükəsini aradan qaldırmalı, itkinlərin taleyinə dair məlumat verməlidir. Paşinyan bu cür diplomatik addımlarla daxildəki ictimai narazılığı yönləndirməyə çalışır. Ermənistanın sülh jestləri imitasiya olmamalıdır, əks halda bu, region üçün illüziya yaradar. Azərbaycanın səbrini yoxlayan, sülhə yalnız kosmetik yanaşan bir dövlətin jestləri etibarsız görünür. Sülh istəyən ölkə əvvəlcə öz konstitusiyasını region reallıqlarına uyğunlaşdırmalıdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31