Medinskinin “mübahisəli ərazi” fikirləri Bakı-Moskva münasibətlərində gərginlik yaradır- ÖZƏL

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağı "mübahisəli ərazi" kimi təqdim etməsini təəssüf və təəccüblə qarşılayıb. XİN sözçüsü Ayxan Hacızadə bildirib ki, Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb və Medinskinin bu reallığı inkar etməsi qəbuledilməzdir. 

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında bildirib ki, Medinskinin fikirləri regionda gərginlik yaradır:

"Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağ ilə bağlı söylədikləri absurddur və Qarabağı mübahisəli ərazi kimi təqdim etmək qəbul olunmazdır, çünki Rusiya bölgədəki yeni geosiyasi reallıqları qəbul edir və eyni zamanda bunun əsasında Azərbaycanla münasibətlərini formalaşdırır. Rusiya Prezidentinin köməkçisinin söylədiyi fikirlər Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik qarşılığı fəaliyyəti haqqında bəyannamənin ruhuna və müddəalarına da ziddir.
Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi ilə Qarabağ arasında paralellərin aparılması da tamamilə əsasızdır, yol verilməzdir. Bu cür açıqlamalar Rusiya ilə Azərbaycan arasında münasibətləri də zərbə vurur, Bakı və Moskva arasında olan gərginlik yaradır, halbuki bu gərginliyə heç bir lüzum yoxdur. Münasibətləri normallaşdırmaq və mehriban qonşuluq siyasəti çərçivəsində əlaqələri qurmaq önəmlidir. Ümumilikdə, Medinskinin fikirləri Cənubi Qafqazda bir sıra problemlərə yol aça bilər.
Bu baxımdan, bu cür açıqlamaları söyləməkdən çəkinmək önəmlidir. Digər tərəfdən, Rusiyanın bu cür yanaşmaları Cənubi Qafqazda əks reaksiyanı gücləndirə bilər və Rusiya Cənubi Qafqaz siyasətinə çox həssaslıqla yanaşmalı, Azərbaycanın regional gücünü, Azərbaycanın regional əhəmiyyətini hazırkı reallıqlarda qəbul edərək, anlayaraq, öz siyasətini qurmalıdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31