İran: “Zəngəzur dəhlizi planını biz pozduq” – ÖZƏL
10 İyun 12:05 Siyasətİran İslam Respublikasının Ali Liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib ki, İran "Zəngəzur dəhlizi"nin yaradılması cəhdini pozub. Olaylar.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, İran heç vaxt indiki qədər güclü, müstəqil və təsirli olmayıb. Bu gücün bariz nümunələrindən biri də İranın Cənubi Qafqaz regionundakı böhrana verdiyi sürətli və qətiyyətli reaksiyası olub.
"Bəzi ölkələr bəhanələrlə Naxçıvanı Ermənistan ərazisi vasitəsilə Azərbaycanla birləşdirməyə çalışırdı. Bu layihə, əslində, bölgənin parçalanması və İranın Avropaya çıxışının bloklanması demək idi. İran İslam Respublikası bu plana qəti şəkildə qarşı çıxdı və onun reallaşmasını əngəllədi", - deyə Vilayəti bildirib.
O iddia edib ki, ABŞ Prezidenti Co Bayden belə bu layihənin həyata keçirilməyə hazır olduğunu etiraf edib, lakin məhz İran buna imkan verməyib.
"Bu bəyanat göstərir ki, İran İslam Respublikası hətta Rusiyanın dəstəyi olmadan belə, ağıllı diplomatiya vasitəsilə Cənubi Qafqaz regionunda təhlükəsizliyi qoruyub və NATO-nun nüfuz etməsinə imkan verməyib", - deyə müşavir qeyd edib.
Vilayəti əlavə edib ki, İranın Cənubi Qafqazda strateji mövcudluğu yalnız milli maraqları qorumaq üçün deyil, həm də bölgədə xarici müdaxilələrə qarşı möhkəm sədd rolunu oynayır.
O vurğulayıb ki, "Zəngəzur dəhlizi" layihəsinin son məqsədi təkcə İranı şimal istiqamətindən ayırmaq deyil, həm də Rusiyanı cənubdan mühasirəyə almaq idi. Lakin bu layihə də uğursuzluğa düçar oldu.
Qeyd edək ki, Tehran Ermənistan üzərindən keçəcək ekstraterritorial dəhliz ideyasına ardıcıl şəkildə qarşı çıxır. Bu dəhlizin açılmasını isə Türkiyə və Azərbaycan dəstəkləyir.