Qərbi Azərbaycana qayıdış – Azərbaycanın strateji hədəfi – ÖZƏL
10 İyun 2025 11:06 Siyasət"Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasında ziyalılarla görüşü zamanı səsləndirdiyi fikirlər yalnız tarixi həqiqətlərin xatırladılması deyil, eyni zamanda Azərbaycanın post-münaqişə dövründəki yeni siyasi strategiyasının açıq və qətiyyətli bəyanı kimi qiymətləndirilməlidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib:
"Azərbaycan artıq Qarabağ üzərində tam suverenliyini bərpa edərək 30 illik münaqişəni arxada qoyub. Lakin bu mərhələdən sonrakı dövr üçün ölkənin qarşısında duran əsas milli və strateji vəzifə Qərbi Azərbaycana qayıdışdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu qayıdış yalnız tarixi yaddaşla deyil, eləcə də beynəlxalq hüquq əsasında həyata keçiriləcək".
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin "Zəngəzura gedəcəyik" bəyanatı Azərbaycanın Qərbi Azərbaycanla bağlı strateji və ideoloji hədəflərinin siyasi manifestidir.
"Cənab Prezidentin "Zəngəzura avtomobillə gedəcəyik" bəyanatı həm xalqımıza verilən ümid və vəd, həm də bölgəyə ünvanlanan geopolitik mesaj kimi dəyərləndirilməlidir. Bu fikir Azərbaycanın regionda sadəcə iştirakçı deyil, həmçinin prosesləri yönləndirən aparıcı güc olduğunu bir daha təsdiqləyir. Regionda gedən bütün əsas proseslər artıq Azərbaycanın maraqları və milli təhlükəsizlik prioritetləri əsasında formalaşır.
Qərbi Azərbaycandan XX əsr boyu deportasiya olunmuş on minlərlə azərbaycanlının hüquqları BMT-nin müvafiq sənədləri və Avropa İnsan Hüquqları Konvensiyasının müddəaları əsasında qorunmalıdır. Qərbi azərbaycanlıların doğma ata-baba yurdlarına qayıtmaq, mülkiyyətlərini bərpa etmək hüququ beynəlxalq səviyyədə tanınır. Prezident İlham Əliyevin bu çağırışı, məhz beynəlxalq hüquqa əsaslanan dinc və planlı qayıdışın ilkin siyasi əsasını qoymuş oldu. Həmçinin dövlət başçımızın bu çıxışı ilə Azərbaycan bəyan edir ki, dövlətin gələcək siyasəti yalnız iqtisadi inkişaf və daxili sabitliklə məhdudlaşmır, eləcə də Azərbaycanın maraqları nəzərə alınmadan heç bir regional qərar qəbul edilə bilməz. Tarixi ədalətin bərpası və milli yaddaşın qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Zəngəzur, Göyçə, Dərələyəz və İrəvan sadəcə Azərbaycan xalqının yaddaşında qalan ata-baba yurdu deyil, həm də dövlətin siyasi konsepsiyasında yer alan başlıca strateji hədəfdir. Ona görə də, qayıdış konsepsiyası yalnız keçmişə deyil, həmçinin gələcəyə baxan milli ideologiyanın təcəssümü olaraq ifadə edilə bilər. Beləliklə də, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı çıxışı Azərbaycanın yaxın gələcəkdə izləyəcəyi strateji kursun əsas ideoloji və siyasi xəritəsidir. Bu, həm milli birliyi gücləndirən, həm də regionun gələcəyində Azərbaycanın aparıcı rolunu təsdiqləyən mühüm siyasi çağırışdır".
Səidə Ramazanova