Hindistanın balans oyunu: Laçın görüşü və regional reallıqlar- ÖZƏL

Laçında baş tutan Azərbaycan-Türkiyə-Pakistan Zirvəsi Hindistanda narahatlıq yaradıb. Hindistan mediası bu ittifaqa qarşı İran və Ermənistanla əməkdaşlığın vaxtı olduğunu yazır. 
Maraqlıdır ki, Hindistanın Ermənistanla yaxınlaşması və Zəngəzur dəhlizinə qarşı mövqeyi regional güc balansına necə təsir edə bilər?

Politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
" Düşünürəm bu, kifayət qədər siyasi cəhətdən zəif hazırlanmış, siyasi bilgisizlik və məlumat çatışmazlığı ilə formalaşdırılmış bir təklifdir. Çünki ilk növbədə Hindistanın İranla ittifaq qurması mümkün deyil. Ona görə ki, faktiki olaraq İran hazırda ABŞ-lə və ümumilikdə Qərblə kifayət qədər ciddi problemlər yaşayır və öz siyasi duruşunda Hindistanla da müəyyən məsafə saxlayır.
Deyək ki, Hindistan ABŞ-lə yaxınlaşma yolunu seçib, ənənəvi müttəfiqi olan Rusiyadan uzaqlaşıb, artıq silahlarını da Qərbdən, Avropadan alır. Ona görə də Hindistanın İranla bir ittifaq qurması qeyri-mümkündür. İkincisi, Hindistanın İran  və Ermənistanla  hər hansı bir ittifaq qurması tərəflərə real fayda vermir. Yəni xüsusi bir müharibə və ya təhlükə anında bu tərəflər bir araya gələrək ortaq mövqe nümayiş etdirə bilməzlər.
Eyni zamanda Azərbaycan-Türkiyə-Pakistan münasibətləri də Hindistana qarşı yönəlməyib. Düşünürəm ki, bu təşkilat ideyası Hindistandakı bəzi ultra-sağçı qüvvələrdən qaynaqlana bilər. Bu, ənənəvi mənasız təşkilatlardan biridir, daha doğrusu bir reaksiya xarakteri daşıyır, təşəbbüs deyil.
Hansısa formada Hindistanın nə vaxtsa Zəngəzur dəhlizinə müdaxilə edə biləcəyini düşünmürəm. Bəli, İranın mövqeyi burada əhəmiyyətlidir. İran bu məsələyə qarşı mübarizə aparır, onu "qırmızı xətt" hesab edir və Zəngəzur dəhlizinin açılmasını təhlükə törədir. Ancaq düşünmürəm ki, Hindistanın burada xüsusi bir marağı var. İstənilən halda Azərbaycan tərəfi öz bəyanatlarında ehtiyatlı davranmalıdır. Faktiki olaraq, hansısa bölgəyə əlavə bir ölkəni Azərbaycanın qarşısında duran düşmən müstəvisinə çıxarmamalıyıq.
Azərbaycanın siyasəti hər zaman bu olub ki, bütün tərəflərlə balanslı münasibətlər qursun və həmişə daha çox dostlarını, əməkdaşlarını artırmağa çalışsın, nəinki düşmənlərini".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31