“ABŞ beynəlxalq qaydaları pozaraq yeni nizam yox, xaos yaradır” – Taleh Əliyev – ÖZƏL
5 İyun 17:27 SiyasətABŞ-nin "Politico" nəşrinin yazdığına görə, Si Cinpin Donald Trampın ona qarşı Ağ Evdə "sürpriz" hazırlamasından ehtiyat edir. Nəşr Ağ Evdə Zelenskinin başına gətirilənlərin Pekində narahatlıq yaratdığını bildirib. Bu da Çin lideri Si Cinpini amerikalı həmkarının Vaşinqtona dəvətinə ehtiyatla yanaşmağa vadar edib.
Trampın digər liderlərə qarşı nümayiş etdirdiyi aşağılayıcı münasibət ABŞ-nin beynəlxalq imicinə və xüsusən də Çin kimi güc mərkəzləri ilə münasibətlərinə necə təsir edə bilər?
"İkinci Dünya müharibəsindən sonra, elə Amerika Birləşmiş Ştatlarının özünün də yaxından iştirakı ilə formalaşan beynəlxalq münasibətlər sistemi, dövlətlərarası əlaqələrdə müəyyən ənənələr və protokol qaydaları üzərində qurulmuşdu. Lakin bu gün həmin ənənə və qaydalara riayət etməyən bir yanaşmanın bəzən məhz ciddi və tarixi dövlətlər tərəfindən nümayiş etdirildiyinin şahidi oluruq. Bu baxımdan, həmin pozuntular elə ABŞ-nin özü tərəfindən də həyata keçirilir. Xüsusilə də Donald Trampın hakimiyyəti dövründə daha açıq şəkildə müşahidə olunmağa başladı".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi qeyd edib ki, ABŞ formalaşmış diplomatik qaydaları pozaraq yeni dünya düzəni yaratmaq əvəzinə beynəlxalq münasibətlərdə xaosun aparıcı qüvvəsinə çevrilib:
"Burada Ukrayna prezidenti Zelenski ilə Ağ Evdəki münasibət, müxtəlif dünya liderləri ilə telefon danışıqları zamanı sərgilənən qeyri-etik davranışlar və bu danışıqlara dair məlumatların mediaya sızdırılması xüsusi qeyd olunmalıdır. Məsələn, Rusiya prezidenti Vladimir Putinlə və ya dost və qardaş ölkə olan Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla telefon danışığının detalları mətbuata ötürülüb. Eyni zamanda, İsrailin baş nazirinin Ağ Evdə qəbul edilməsi zamanı protokol qaydalarının pozulması - məsələn, onun oturması üçün stulun çəkilərək yardım olunması kimi qəribə davranışlar - ABŞ-nin dünya diplomatiyasında formalaşmış ənənələrdən uzaqlaşdığını göstərir. Bütün bu faktlar onu deməyə əsas verir ki, ABŞ yeni dünya düzənini formalaşdırmaq əvəzinə, hazırkı qaydaların dağılmasına səbəb olan bir xaosun əsas aparıcı qüvvəsinə çevrilib. Əvvəlki qaydalar gözlənilmədən sıradan çıxarılır, yeni qaydalar isə hələ formalaşmayıb. Məhz bu səbəbdən, hazırkı mərhələni müəyyən qədər nizamsızlığın təşəkkül tapdığı keçid dövrü kimi qiymətləndirmək olar".
Siyasi şərhçinin sözlərinə görə, ABŞ-nin xüsusilə Tramp dövründə beynəlxalq diplomatik qaydalardan uzaqlaşması, Çin kimi protokola ciddi yanaşan dövlətlərin ehtiyatlı mövqe tutmasına səbəb olur.
"Protokol qaydalarına ciddi şəkildə əməl edən dövlətlərdən biri olan Çin Xalq Respublikasının rəhbərinin ABŞ-yə mümkün səfəri ətrafında ehtiyatlı yanaşma başadüşüləndir. İstər qarşılanma mərasimi, istərsə də görüşlər zamanı baş verə biləcək protokol pozuntuları Çin tərəfini narahat edir. Bu da əslində "anormallıq" deyil, mövcud "anormallığın doğurduğu bir normallıqdır". Çünki qaydaların olmadığı yerdə hər bir gözlənilməz hadisə mümkündür. Bu baxımdan belə narahatçılığın mövcudluğu normaldır. Hesab edirəm ki, qarşıdakı dövrdə Çin liderinin ABŞ-yə səfəri yalnız ciddi şəkildə razılaşdırılmış protokol çərçivəsində baş tuta bilər. Əks halda, yenə də qeyri-ciddi və gözlənilməz hallarla üz-üzə qalmaq mümkündür. Donald Tramp dövründəki bu davranış təkcə Çinlə deyil, digər tərəfdaşlarla da münasibətlərdə özünü göstərib. Məsələn, Avropa İttifaqının tədbirlərindən birində ABŞ-ın dövlət katibinin avropalılara "yuxarıdan aşağı" dərs keçməsi ilə yadda qalan çıxışı da buna nümunədir. Bu gün dünya elə bir mərhələdədir ki, beynəlxalq nizamın təminatçısı kimi çıxış etməli olan dövlətlər bəzən həmin nizama zidd davranışlar sərgiləyir. Və bir daha qeyd edirəm: İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sisteminin demontajında ABŞ-nin, xüsusilə də Trampın hakimiyyəti dövründə, fəal iştirakçıya çevrildiyini görürük. Bu prosesin nə dərəcədə yaxşı və ya pis olduğu isə yaxın gələcəkdə daha aydın şəkildə görünəcək. Hazırda yaşananlar qeyri-adi və qeyri-ciddi görünsə də, ehtimal etmək olar ki, bunlar gələcəkdə formalaşacaq yeni dünya düzəninin qaçılmaz və alternativsiz yollarından biri kimi dəyərləndiriləcək".
Səidə Ramazanova