Utopik xəyalların sonu: Paşinyanla kilsə arasında ideoloji savaş- ÖZƏL

Ermənistanın siyasi səhnəsində uzun illərdir səngiməyən gərginlik yeni bir mərhələyə qədəm qoyub: Baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında yaşanan qarşıdurma daha da dərinləşib və artıq açıq qarşılıqlı ittihamlar və sərt çıxışlarla müşayiət olunur. 

Politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında qeyd edib ki, Paşinyan anlayır ki, erməni cəmiyyətini zəhərləyən elə onların öz xülyalarıdır:

"Paşinyanla kilsə arasındakı bu qarşıdurma ondan xəbər verir ki, artıq Ermənistanda Paşinyanın çoxdandır dediyi o yeni siyasi yanaşma, yeni siyasət kursu faktiki olaraq həyata keçirilməyə çalışılır. Nəyə görə? Çünki buna qədər Ermənistan siyasətində biz hər nə qədər Robert Koçaryanları, Serj Sarksiyanları görsək də, faktiki olaraq dövlətin idarə edilmə mexanizmi elə qurulmuşdu ki, kilsə burada çox böyük rol oynayırdı və kilsə də erməniləri fəlakətə sürükləyirdi.
Hansı nöqtədə? "Böyük Ermənistan" xülyası, "dənizdən dənizə Ermənistan" xülyası kimi utopik yanaşmalar bir növ kilsənin təbliğatı və təşkilatı sayəsində erməni cəmiyyətinin beyninə yeridilmişdi və ermənilər bir cəmiyyət olaraq bu ideyalarla zəhərlənmişdilər.
Düzdür, bu erməni kilsəsi də bu ideyaları əslində fransız, ingilis və rus xristian icmalarının təsiri altında əsrlərdir formalaşdırıb, bu ideyalara sahiblənmişdi. Buradan onların müsəlman dünyasına qarşı savaş elan etməsi, xüsusən türklərə qarşı radikal tutuma sahiblənməsi də bütün bu təsirlərin nəticəsində formalaşmışdı.
Amma son dövrlərdə, xüsusən Nikol Paşinyan  hakimiyyətinin möhkəmlənməsindən sonra artıq Ermənistan siyasi elitası  başa düşür ki, kilsənin bu yanaşmaları, utopik xülyaları və eyni zamanda radikal anti-islam, anti-türk yanaşması, erməni cəmiyyətini bu ideyalara alışdırması, onları təşkilatlandırması əslində erməniləri geriyə çəkir. İstər Ararat Mirzoyan, istər parlamentin sədri Alen Simonyan nə deyirdilər? Onlar deyirdilər ki, Ermənistan artıq inkişaf etməyə başlamaq istəyir, müharibə istəmir, iqtisadi layihələrə qoşulmaq, dünya iqtisadiyyatına inteqrasiya etmək istəyir. Buna görə də onlar artıq şovinist və utopik ideyalardan uzaqlaşmalıdırlar.
Onlar ayrı-ayrı vaxtlarda bu ideyaları səsləndiriblər. Paşinyanın mövqeyi də demək olar ki, onlarla üst-üstə düşür. Yəni, indi Paşinyan əslində kilsəyə qarşı ona görə savaş açır, din xadimlərinə ona görə mübarizə elan edir ki, bu yanaşmadan qurtulsunlar və ermənilər həqiqətən də onlara zərər verən anti-islam, anti-türk davalarındansa artıq sərhədlərində təhlükəsizlik şəraitinin formalaşdırılmasına fokuslansınlar.
Bu o deməkdir ki, əslində Nikol Paşinyan da, onun komandası da regionda pozucu qüvvənin, riyakar olanın, saxtakar olanın və müharibəni tətikləyənin elə onların öz ideyaları, öz xülyaları olduğunu dərk edirlər və indi bunu düzəltməyə çalışırlar.
Ümid edək ki, bu 200 illik Ermənistan cəmiyyətinə xərçəng xədtəkiyi kimi yayılmış "kilsə təfəkkürü" məğlub ediləcək və Paşinyan iqtidarı həqiqətən də həm Azərbaycanla, həm Türkiyə ilə, həm də regional digər əməkdaşlıqlara açıq olacaq, tarixi ədalətsizliklərin aradan qaldırılmasına da açıq olacaq və biz ermənilərin simasında olan bu zərərli yanaşmaların sonunu görəcəyik". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31