“Rusiya Ermənistanı yenidən öz təsir dairəsinə qaytarmaq istəyir” – Sahil Kərimli – ÖZƏL

İyunun 5-də Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistana səfər edir. Bu, xarici işlər naziri Sergey Lavrovun son İrəvan səfərindən sonra baş tutur və Rusiya-Ermənistan münasibətlərində müəyyən yaxınlaşmanın baş verdiyini göstərir. Lavrovun "Rusiya Ermənistanın suverenliyini və təhlükəsizliyini təmin etməyə hazırdır" bəyanatı da Moskvanın bu bölgədə mövqeyini gücləndirmək niyyətindən xəbər verir. Lakin Paşinyan hökuməti Rusiyanın əvvəlki siyasətinə, xüsusilə 2023-cü ilin sentyabr hadisələrinə və sərhəddəki vəziyyətə görə narazıdır.

"Son illərdə Ermənistan rəhbərliyinin daha çox Qərb və Avropa yönümlü siyasət yürütməsi, bu istiqamətdə prioritetlərini müəyyənləşdirməsi və Rusiyaya arxa çevirməsi Moskva tərəfindən ciddi narazılıqla qarşılanıb. Rusiyanın son dövrlərdə Ermənistana yenidən nüfuz etməyə çalışması - Rusiya Xarici İşlər Nazirinin, eləcə də bu günlərdə Rusiya Dövlət Dumasının sədri səviyyəsində baş tutan səfərlər - bu istiqamətdə atılan addımların bariz nümunəsidir".

Bu fikirləri Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli Olaylar.az-a açıqlamasında deyib. Siyasi şərhçinin sözlərinə görə, Rusiya Ermənistanı yenidən təsir dairəsinə qaytarmağa çalışsa da, Paşinyan Qərb yönümlü siyasətə sadiq qalır:

"Rusiya, kağız üzərində müttəfiqi hesab etdiyi Ermənistandan asanlıqla əl çəkmək niyyətində deyil. Moskva dəfələrlə Ermənistanın suverenliyi və təhlükəsizliyinə zəmanət verəcəyini bəyan etməklə bu ölkəni yenidən öz təsir dairəsinə qaytarmaq istəyir. Əlbəttə, bu konteksdə Cənubi Qafqazda gedən geosiyasi proseslər, Ermənistanla Azərbaycan arasında hələ də sülh müqaviləsinin imzalanmaması və Ermənistanın müəyyən təsirlərin təsiri altında qeyri-konstruktiv mövqe sərgiləməsi də əsas amillərdən biri hesab oluna bilər. Rusiya isə bu vəziyyətdən istifadə edərək proseslərə yenidən müdaxilə etməyə, Ermənistanı öz təsir mexanizminə daxil etməyə cəhd göstərir. Rusiyanın Ermənistanla intensiv təmasları və təhlükəsizlik zəmanətləri Cənubi Qafqazda nüfuzunu bərpa etmək, bölgədəki təsir imkanlarını artırmaq məqsədi daşıyır. Lakin bu cəhdlərin yaxın zamanda istənilən nəticəni verəcəyi inandırıcı görünmür. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan Qərb və Avropa yönümlü siyasətə sadiq qalmaqda davam edir. Daha dəqiq desək, Paşinyan hazırda Ermənistanın milli və dövlətçilik maraqlarını Qərbə və Avropaya uyğunlaşdırır, bir növ bu maraqları həmin dairələrə güzəştə gedir. Müstəqil siyasət yürütmək imkanları məhdud olan Paşinyan, əgər gələcəkdə yenidən Rusiyanın təsiri altına düşərsə, bu zaman Ermənistan bir daha Rusiyanın vassalı rolunu oynayan ölkəyə çevrilə bilər".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31