İran XİN-dəki görüşdə Azərbaycan bayrağı yox idi – Rəsmi Bakı necə cavab verəcək?- ÖZƏL
5 İyun 17:05 SiyasətAzərbaycanın İrandakı səfiri Əli Əlizadə İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə ilə görüşüb. Konsulluq və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Lakin görüş zamanı masada yalnız İranın bayrağının yer alması, Azərbaycanın bayrağının olmaması protokol qaydaları ilə bağlı suallar yaradıb.
Politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında bildirib ki, İranın bu addımı suverenliyə hörmətsizlikdir:
"Beynəlxalq diplomatik münasibətlərdə qəbul olunmuş qaydalara əsasən, ikitərəfli rəsmi görüşlərdə hər iki ölkənin bayraqları bərabər səviyyədə nümayiş etdirilməlidir. Bu, dövlətlərin suverenliyinə qarşılıqlı hörmətin vacib göstəricisidir. Belə hallarda yalnız bir ölkənin bayrağının yer alması açıq şəkildə protokol pozuntusu sayılır.
İran və Azərbaycan arasında son illər münasibətlər ciddi sınaqlardan keçib. Tehranda Azərbaycan səfirliyinə edilmiş hücum, İranın hərbi təlimləri və Azərbaycanla İsrail arasında yaxın münasibətlər rəsmi Tehranı açıq şəkildə narahat edir. Hətta bir dönəm münasibətlər bitmə nöqtəsinə belə gəlib çatmışdı.
Lakin son zamanlar münasibtələrdə yaxınlaşma hiss olunur. Belə bir zamanda böyük ehtimalla rəsmi məsələni ictimai qalmaqal yaratmadan, diplomatik kanallarla cavab verərək tənzimləyə bilər.
Suveren dövlətin rəmzlərinə xüsusilə də bayrağına hörmətsizlik istənilən ölkə üçün qırmızı xətdir. İran Xarici İşlər Nazirliyində keçirilmiş görüşdə yalnız İran bayrağının nümayiş etdirilməsi beynəlxalq diplomatik normalara ziddir. Hadisənin texniki səhlənkarlıq olmasıda mümkündür. Amma bu barədə yekun qərar Azərbaycandan aslı olacaq. Bütün hallarda bu cür vəziyyətə həssaslıqla və prinsipial mövqe ilə yanaşmaq Azərbaycanın diplomatik mövqeyinin və suverenliyinin qorunması baxımından vacibdir".
Zeynəb Mustafazadə