“Ermənipərəst təşəbbüslərin arxasında rüşvət və korrupsiya dayanır” – Elçin Xalidbəyli – ÖZƏL

Azərbaycan Milli QHT Forumu İsveçrənin  Azərbaycandakı səfiri Tomas Ştəliyə açıq məktubla müraciət edib. Məktubda İsveçrə parlamentinin və bəzi dini qurumlarının Azərbaycana qarşı qərəzli tədbirlər təşkil etməsi, xüsusən də erməni kilsəsi ilə birgə "erməni irsi" mövzusunda tədbirin keçirilməsi kəskin tənqid olunub. Forum bu cür təşəbbüslərin regionda sülhə deyil, revanşizmə və separatizmə xidmət etdiyini, İsveçrənin isə beynəlxalq hüquqa zidd davranış sərgilədiyini vurğulayıb. QHT-lər bu məsələlərin müzakirəsi üçün səfirlə görüşməyə hazır olduqlarını bildirib.

"İsveçrə də bəzi Qərb ölkələri kimi, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən dövlətlər sırasındadır. Ümumiyyətlə, bu kimi dövlətlərin siyasi dairələri tərəfindən gündəmə gətirilən ermənipərəst layihələr əksər hallarda reallıqdan uzaq və qeyri-səmimi motivlər üzərində qurulur".

Bu fikirləri siyasi şərhçi Elçin Xalidbəyli Olaylar.az-a açıqlamasında deyib. Siyasi şərhçi qeyd edib ki, erməni irsi ilə bağlı tədbirlər əsasən araşdırmasız, birtərəfli və korrupsiya maraqları ilə həyata keçirilir:

"Əgər doğrudan da erməni irsindən bəhs olunursa, bu irsin ciddi şəkildə araşdırılması vacibdir. Belə bir araşdırma aparılarsa, nəticədə elə bir ciddi erməni irsinin mövcud olmadığı aydın görünər. Lakin təəssüf ki, bu araşdırmalar həyata keçirilmir. Qərb dövlətləri, o cümlədən İsveçrə, bu tip ermənipərəst layihələrin reallaşdırılması zamanı nə araşdırma aparır, nə də mövzunun məğzinə ciddi yanaşma sərgiləyirlər. Onlar əsasən yalnız erməni tərəfinin təqdim etdiyi materiallar əsasında uydurma və qərəzli tədbirlər təşkil edir və bununla kifayətlənirlər. Bu da əsasən həmin tədbirlərin arxasında rüşvət və korrupsiya mexanizmlərinin dayanması ilə izah oluna bilər. Belə tədbirləri təşkil edənlər erməni diasporasından rüşvət alaraq şəxsi maraqlarını təmin etməyə çalışırlar".

Siyasi şərhçi vurğulayıb ki, ermənipərəst dairələrin korrupsiya əsasında qurduğu təşəbbüslər nə regionda, nə də Azərbaycan siyasətində real təsir gücünə malik deyil.

"Təkcə İsveçrədə deyil, ümumiyyətlə Avropada ermənipərəst layihələr ətrafında yaranmış vəziyyətə diqqətlə baxıldıqda, istənilən belə təşəbbüsün arxasında rüşvət və korrupsiya izlərini aşkar etmək mümkündür. Bu baxımdan İsveçrədə keçirilən son tədbirin də korrupsiya və maraq dairələri tərəfindən təşkil olunduğuna şübhə yoxdur. Erməni diasporasının verdiyi maliyyə dəstəyi və rüşvət hesabına qurulan bu tədbirlərin heç bir ciddi siyasi və ya hüquqi əhəmiyyəti yoxdur. Onlar sadəcə Azərbaycana qarşı qərəzin ifadəsi kimi ortaya çıxır. Lakin nə İsveçin, nə Fransanın, nə də digər ermənipərəst dövlətlərin bu cür mövqelərinin Cənubi Qafqazda baş verən proseslərə real təsiri ola bilməz. Çünki Azərbaycan Cənubi Qafqazın ən güclü və lider dövlətidir. Güclü orduya, sabit iqtisadiyyata və aydın strateji prioritetlərə malik olan Azərbaycan bu cür qərəzli yanaşmalara qarşı durmaq gücündədir. Heç bir xarici dövlətin və ya ermənipərəst qurumun Azərbaycana qarşı atdığı addımlar ölkəmizə real təsir göstərə bilməz.
Rəsmi Bakı olduqca dəqiq və prinsipial siyasi kurs həyata keçirir. Bu kurs Cənubi Qafqazda baş verən proseslərə, o cümlədən Azərbaycan-Ermənistan arasında aparılan sülh prosesinə hər hansı kənar dövlətin müdaxiləsini yolverilməz hesab edir. Bu proses yalnız iki ölkə arasında davam etdirilir və nə İsveç, nə Fransa, nə də digər ermənipərəst dövlətlər bu prosesə təsir imkanına malik deyillər. Çünki Rəsmi Bakı həm sülh prosesinə, həm də bütövlükdə regiondakı geosiyasi məsələlərə aidiyyəti olmayan xarici dairələrin müdaxiləsinin qarşısını artıq çoxdan alıb. Bu səbəbdən, ermənipərəst dairələrin regionda hər hansı təsir imkanları demək olar ki, mövcud deyil".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31