“Erməni kilsəsi Paşinyanı zəiflətmək üçün Rusiyanın alətinə çevrilib” – Əli Mustafa – ÖZƏL
5 İyun 14:21 SiyasətErmənistanın daxili siyasi gündəmini son günlərdə daha da gərginləşdirən əsas məsələlərdən biri Baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında dərinləşən qarşıdurmadır. Uzun illərdir davam edən fikir ayrılığı artıq açıq qarşılıqlı ittihamlarla müşayiət olunur. Paşinyanın kilsəyə qarşı sərt mövqe sərgiləməsi, bu qurumu köhnə siyasi sistemin dayaqlarından biri kimi hədəf alması, onun daxili və xarici dəstəyə arxalanaraq daha geniş miqyaslı islahatlara getmək niyyətindən xəbər verir. Bu qarşıdurmanın yaxın gələcəkdə Ermənistan siyasətinə necə təsir edəcəyi isə böyük maraq doğurur.
"Paşinyanla Erməni Apostol Kilsəsi arasında yaranmış qarşıdurma Ermənistanda qarşıdan gələn parlament seçkilərinə görə hesablanmış bir məsələdir. Konkret desək, erməni kilsəsinin tarixən casusluq fəaliyyəti ilə məşğul olduğu, müxtəlif xarici dövlətlərə və xüsusi xidmət orqanlarına xidmət etməklə ad qazandığı məlumdur".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. O qeyd edib ki, Erməni Apostol Kilsəsi bu gün Ermənistanda Rusiyanın maraqlarına uyğun olaraq Paşinyanı zəiflətmək və hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə siyasi alətə çevrilib:
"Erməni Apostol Kilsəsi sadəcə dini qurum deyil, həm də bir növ siyasi və terrorçu fəaliyyətlərin mərkəzinə çevrilmiş bir strukturdur. Bu kilsə Allaha deyil, müxtəlif maraq qruplarına xidmət edir. Tarixən də erməni milli maraqları ilə bağlı məsələlərdə kilsənin siyasi mövqelər sərgilədiyinin şahidi olmuşuq. Hazırda Ermənistanda Qərbyönlü bir Paşinyan hakimiyyəti var və bu, Rusiyanın maraqlarına uyğun gəlmir. Mövcud gedişat onu göstərir ki, bu gün erməni kilsəsi daha çox Rusiya kəşfiyyatına bağlıdır və yəqin ki, fəaliyyət istiqamətini oradan aldığı tapşırıqlarla müəyyənləşdirir. Bu baxımdan, məqsəd Paşinyanı qarşıdan gələn seçkilərə qədər zəiflətmək, nüfuzdan salmaq və mümkün olarsa, onu hakimiyyətdən uzaqlaşdırmaqdır".
Siyasi şərhçinin sözlərinə görə, Ermənistanda kilsənin rəhbərliyində olduğu strukturlar 2026-cı il seçkilərinə qədər Paşinyanı zəiflətmək və Rusiya maraqlarına uyğun hakimiyyət dəyişikliyini, hətta daha erkən mərhələdə həyata keçirmək məqsədilə səfərbər olunub.
"Əvvəlki mərhələdə Bagrat səviyyəsində (yəni bir keşiş səviyyəsində) həyata keçirilən təzyiqlər bu dəfə daha geniş miqyasda, bütöv bir strukturun səfərbərliyi ilə müşayiət oluna bilər. Məqsəd 2026-cı il parlament seçkilərinə qədər Paşinyana qarşı ictimai narazılığı artırmaq və onu devirməkdir. Bununla yanaşı, istisna deyil ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyini seçkiləri gözləmədən, daha erkən mərhələdə reallaşdırmaq niyyətindədir. Hətta 2025-ci ildə Ermənistanda ciddi siyasi gərginliklərin baş verə biləcəyi ehtimalı mövcuddur. Bu mənzərəyə baxaraq belə qənaətə gəlmək olar ki, kilsənin əsas məqsədlərindən biri sabiq prezident Sarkisyanın və ya digər köhnə qüvvələrin yenidən Ermənistana qayıdışını təmin etməkdir. Hazırda baş verən hadisələr siyasi xarakter daşıyır və bu qarşıdurmanı həm Rusiya-Qərb mübarizəsinin tərkib hissəsi, həm də Paşinyanla "beşinci kolon" arasında gedən mübarizə kimi dəyərləndirmək olar. Görünən odur ki, erməni kilsəsi də bu "beşinci kolon"la birgə hərəkət edir".
Səidə Ramazanova