Azərbaycan müstəqil iqtisadi, siyasi iradə nümayiş etdir- ÖZƏL

"Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 30-cu Yubiley "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışında olduqca mühüm mesajlar səsləndirib. Sözsüz ki, bu tədbirin Azərbaycanın enerji sektoru və bütövlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyəti olduqca böyükdür. 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal enerji səhnəsinə ilk addımlarını atıb. İlk dəfə keçirilən Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın müasir enerji strategiyasının və qlobal enerji əməkdaşlığının dinamik rolunu əks etdirən, əsasını qoyan tarixi "Əsrin müqaviləsi"nin imzalanması ilə eyni vaxta təsadüf edib. Məhz o vaxtdan bəri "Bakı Enerji Həftəsi" enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirərək regionun ən nüfuzlu platformalarından birinə çevrilib". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat qeyd edib ki, builki yubiley tədbiri Azərbaycanın enerji potensialına artan beynəlxalq marağı və inamı əks etdirir: "Tədbirdə yeni iştirakçılar və milli pavilyonlarla yanaşı, 30 ölkədən 200-dən çox şirkətin iştirakı da onun əhatəsinin hər il daha da genişləndiyini göstərir. Ölkəmizin başçısı da tədbirdə çıxışında ilk neft-qaz sərgisinin 1994-cü ildə təşkil edildiyini və həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar "Əsrin müqaviləsi" adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzalandığını diqqətə çatdırıb. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli enerji strategiyasının Azərbaycanın iqtisadi müstəqilliyinin əsaslarının yaranmasına və ölkəmizin inkişafına xidmət edib. Çünki məhz bu tarixi addımlar fonunda Azərbaycan müstəqil iqtisadi, siyasi iradə nümayiş etdirməyə başladı. Sözsüz ki, o dövr üçün bu cür strateji qərarların qəbul edilməsi müəyyən tərəddüdlərlə müşahidə olunurdu. Yenicə müstəqillik qazanmış Azərbaycan müəyyən daxili gərginliklərdən yenicə xilas olmuş, Ermənistan hərbi təcavüzü nəticəsində ərazilərinin 20 faizini işğal edilmiş, 1 milyona yaxın vətəndaşı öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilmişdi. Bu mənada həmin tarixi situasiyada ölkənin gələcəyi və onu düşmüş olduğu ağır sınaqlardan çıxarmaq böyük strateji bacarıq tələb edirdi. "Əsrin müqaviləsi"nin imzalanması, 1995-ci ildə isə müstəqil Azərbaycanın ilk konstitusiyasının qəbul edilməsi ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında ən böyük tarixi xidmətlərindən biri oldu. Çünki ölkənin iqtisadi-siyasi əsaslarının formalaşması ilə yanaşı onun hüquqi dövlət kimi əsaslarını formaşdırmaq üçün konstitusiyanın mövcudluğu, qanunlarla mümkün olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31