Azərbaycanın maliyyə ehtiyatları xarici borcunu 14 dəfə üstələyir- ÖZƏL

"Bu gün Bakı təkcə sərgilərin deyil, mühüm siyasi qərarların da qəbul edildiyi mərkəzə çevrilib. Prezident İlham Əliyevin liderliyi altında ölkə beynəlxalq enerji siyasətinin etibarlı tərəfdaşına çevrilib və artıq COP29 kimi qlobal iqlim sammitinə ev sahibliyi edəcək qədər nüfuz qazanıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki nitqində vurğulanan əsas məqam ondan ibarət idi ki, Azərbaycanın enerji siyasəti sırf iqtisadi məqsədlərlə məhdudlaşmır. Əksinə, bu siyasət ölkənin ümumi inkişaf modelinin təməlini təşkil edir. Əgər ötən əsrin 90-cı illərində Azərbaycan investorlar üçün riskli ölkə hesab edilirdisə, bu gün biz regionun ən sabit və proqnozlaşdırılan iqtisadiyyatlarından birinə sahibik.
Bu sabitlik neft və qaz gəlirlərinin düzgün idarə olunması və insan kapitalına yönəldilməsi ilə əldə olunub. Azərbaycanın maliyyə ehtiyatları xarici borcunu 14 dəfə üstələyir. Yoxsulluq 5 faiz səviyyəsinə enib. Təhsil və savadlılıq səviyyəsi isə təqdirəlayiq şəkildə 100 faizə yaxındır. Bütün bu rəqəmlər ölkənin gələcəyə nə qədər hazır və dayanıqlı olduğunu göstərir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan artıq sadəcə enerji ixrac edən ölkə deyil, həm də enerji təhlükəsizliyinin təşəbbüskarı və təminatçısıdır. Xəzər dənizindən İtaliyanın sahillərinədək uzanan Cənub Qaz Dəhlizi Azərbaycanın nə qədər irimiqyaslı və strateji layihələrə imza atdığını göstərir. Təsadüfi deyil ki, Azərbaycan bu gün artıq 12 ölkəyə təbii qaz ixrac edir və bu coğrafiya daim genişlənir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31