Rusiya-İran əlaqələri və Amerikanın tələbləri qlobal gərginliyə səbəb olacaq - ÖZƏL

"Trampla Putin arasında keçirilən telefon danışığında bir çox məsələ, xüsusilə iki əsas istiqamət diqqət mərkəzində olub. Bunlardan biri Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı vəziyyət və hazırkı durum, o cümlədən Ukraynanın Rusiyaya qarşı son əməliyyatlarıdır. Bundan başqa, Vladimir Putin  Amerika-İran arasında keçirilən danışıqlarda iştirak etməyə hazır olduğunu bildirib".

Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Nəzərə alsaq ki, İranla Rusiya arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və İranı əsas dəstəkləyənlərdən biri Rusiya olsa da, hesab edirəm ki, Rusiya  ABŞ-la anlaşdığı halda, öz maraqları naminə İranı ciddi şəkildə müdafiə etməyə bilər. Bu məsələlərdən bəziləri beynəlxalq münasibətlərdə ciddi gərginliklər yarada bilər.

Şübhəsiz ki, arzu olunan hal odur ki, həm Rusiya ilə Ukrayna arasında danışıqlarda ortaq nöqtələr tapılsın, həm də Amerika ilə İran danışıqlarında tərəfləri qane edəcək razılıq əldə olunsun.

Amma nəzərə alsaq ki, Amerika-İran danışıqlarında  ABŞ İranın nüvə proqramından və uranın zənginləşdirilməsindən qəti şəkildə əl çəkməsini tələb edir, İran isə buna hazır deyil, bu da müəyyən gərginliklərin yaranmasına səbəb olacaq.

Belə ki, İsrail hökuməti açıq şəkildə İranın nüvə proqramını dayandırmasını tələb edir və əgər razılıq əldə olunmasa, İranın ərazisinə və obyektlərinə zərbələr endirilə bilər.

O ki qaldı Rusiya-Ukrayna müharibəsinə, açıq danışmaq lazımdır ki, orada hələ yaxın zamanlarda xüsusi optimizmə əsas görmürəm. Görünən budur ki, bu müharibə hələ xeyli davam edəcək, çünki tərəflərin mövqeləri bir-birindən ciddi şəkildə fərqlənir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31