"Kilsənin təxribat imkanları çoxdur, Paşinyan bu mübarizədə qurban ola bilər"- ÖZƏL

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin bəzi ruhanilərini xalqın mənafeyinə xidmət etməməkdə və subaylıq andını pozmaqda ittiham edib. O, Katolikos II Qareginin də bu məsələdə şəffaflıq göstərməsinin vacibliyini vurğulayıb.
Mövzu ilə bağlı Politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlama verib. Politoloq bildirir ki, erməni xalqı kilsənin fitnə-fəsad süzgəcindən keçdiyi müddətcə dövlət qura bilməz:

"Bu, ilk dəfə deyil ki, Ermənistanda hökumətlə siyasi qurumlar, hakim qüvvələrlə kilsə arasında toqquşma baş verir. Yəni bunların arasında onsuz da münasibətlər gərgindir və bunun da səbəbi var. Ermənistanın baş naziri deyəndə ki, "biz artıq mifik Ermənistandan real Ermənistanın qurulmasına keçməliyik", o, bilir nə deyir. Sadəcə anlayır ki, cəmiyyət buna hələ hazır deyil.
Yəni cəmiyyətin çoxluğu revanşist meyillərin təsiri altındadır. Digərləri bir-biri ilə kəskin şəkildə haqq-hesab çürüdür və burada bir xalqın bir neçə hissədən ibarət olması - Qarabağlılar bir yandan, Axparlar bir yandan, Ermənistanın yerli əhalisi başqa bir yandan - demək olar ki, bunların arasında heç bir konsensus yaranmır və onun yaranma ehtimalı da sıfıra bərabərdir. Odur ki, dövləti  suveren etməkdən ötrü ilk növbədə millət quruculuğundan başlamaq lazımdır ki, millət dəyərləri və lideri ətrafında birləşə bilsin.
İndi görünür, Nikol Paşinyanın buna istəyi var, bu prioriteti real görür, amma ona çata bilmir, onu reallaşdıra bilmir. Nikol Paşinyan siyasi lider olaraq kilsə rəhbərinə bildirir ki, "siz siyasi partiya funksiyasını üzərinizdən atmalısınız, bu sizin işiniz deyil. Yəni siz dini təsisatsınız, insanların humanistliyi, tolerantlığı ilə məşğul olmalısınız ki,  bir-biri ilə mübarizə aparmasınlar. Amma siz öz səlahiyyətlərinizi aşırsınız, 100-150 il bundan qabaqkı funksiyalarınızı yenidən üzərinizə götürürsünüz". Əgər o dövrdə erməni kilsəsi həqiqətən siyasi institut funksiyasını yerinə yetirirdisə - insanları silahlandırırdı, terrora hazırlayırdı, insanlarda yanlış məlumatlar və təsəvvürlər formalaşdırırdı, artıq o dövr keçib. İndi dövlət var və o dövlətin keşiyini çəkmək, onun müdafiəsində durmaq lazımdır. Və dövləti dövlət edən həmişə xalqdır.
Ona görə də ilk növbədə millət quruculuğundan başlamaq lazımdır ki, xalq  öz hədəflərini müəyyən etsin, birləşsin və lideri ətrafında hərəkətə başlasın. Ermənistanda bu yoxdur. Əksinə, bu prosesi çox zəifdir və digər tərəfdən də bu, ümumiyyətlə alınmır.
Yəni iki-üç hissə - bir tərəfdən Axparlar, bir tərəfdən yerli ermənilər, bir tərəfdən Qarabağlı ermənilər - hamısı guya bir millətin formal tərkib hissəsidir. Amma əslində bunların arasında heç normal dialoq şəraiti də formalaşmır. Erməni kilsəsi əvvəlki tək siyasi proseslərə təkcə müdaxilə etmir, həm də onları idarə etməyə çalışır.
Ona görə də  Paşinyanı  çıxış yolu yoxdur. Düşünürəm ki, bu qarşıdurma hələ uzun çəkəcək. Ola bilsin, mən bunu istisna etmirəm, Paşinyan hətta bu mübarizənin qurbanına çevrilsin. Çünki kilsənin təxribat təcrübəsi və imkanları həddən artıq çoxdur. Bu kilsə hər zaman bu rolu oynayıb.
Yadınıza gəlirsə, Qarabağ müharibəsinin ikinci mərhələsində onların katolikosu deyirdi ki, "biz Azərbaycanda yaşayan erməniləri qurban verməyə hazırıq, təki məqsədimizə çataq, ərazilərimizi götürək". Özləri Azərbaycanın ərazilərində yerləşiblər, bu azmış kimi, hələ çalışırlar Qarabağı da Naxçıvanı da keçsinlər. Əlbəttə ki, bunlar hamısı xülyalardır. Nə qədər ki, erməni xalqı kilsənin oyunbazlığı, fitnə-fəsadı süzgəcindən çaşqın vəziyyətdə keçirsə, onlar heç vaxt normal dövlət yarada bilməyəcəklər. Onların dərdi budur.
Paşinyan bunu başa düşür, ancaq sözün düzünü açıq şəkildə millətə, xalqa açıqlaya bilmir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31