Azərbaycan Avrasiyanın vacib enerji və nəqliyyat qovşağına çevrilib- ÖZƏL
4 İyun 2025 13:46 Siyasət"Bakı Ekspo Mərkəzində öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər Azərbaycanın qlobal enerji gündəliyini müəyyənləşdirən əsas aktorlardan olduğunu bir daha nümayiş etdirir. Rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev enerji sahəsində əldə olunan nailiyyətləri və gələcəyə dair prioritetləri əhatəli şəkildə təqdim edib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Azərbaycanın çoxvektorlu və praqmatik enerji strategiyası istər siyasi, istər sosial-iqtisadi, istərsə də digər sahələrdə mühüm nailiyyətlərin əldə olunmasını şərtləndirib. Məlum olduğu kimi, ölkəmizdə ilk neft-qaz sərgisi 1994-cü ildə keçirilib, ardınca isə enerji sahəsində dönüş nöqtəsi olan və "Əsrin müqaviləsi" adlandırılan beynəlxalq saziş imzalanıb. Bütün bunlar təkcə iqtisadi deyil, həm də siyasi müstəqilliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Hazırda neft və qazın Azərbaycanın ÜDM-dəki payı 30 faizdən artıqdır. Ölkənin xarici borcu ÜDM-in 7 faizindən aşağı, maliyyə ehtiyatları isə borcu 14 dəfə üstələyir. Bu göstəricilər həm iqtisadi sabitlik deyil, həm də təbii resursların düzgün idarə olunmasının göstəricisidir. Eyni zamanda, yoxsulluğun 5 faizə enməsi, savadlılıq səviyyəsinin 100 faizə çatması kimi sosial göstəricilər enerji gəlirlərinin cəmiyyətin rifahı üçün effektiv yönləndirildiyini sübut edir. Dövlətimizin təşəbbüsü ilə reallaşdırılan Cənub Qaz Dəhlizi Xəzər dənizindən Aralıq dənizi sahillərinədək uzanan 3500 kilometrlik bir enerji arteriyasıdır. Həmin layihə çərçivəsində Azərbaycan 12 ölkəyə qaz ixrac edir və bu coğrafiya genişlənməkdədir. Təbii qaz ixracı artıq 25 milyard kubmetrə çatıb, 2030-cu ilədək isə bu rəqəmin 8 milyard kubmetr artırılması planlaşdırılır. Sabit tranzit marşrutları və infrastruktur sərmayələri nəticəsində açıq dənizə çıxışı olmayan Azərbaycan artıq Avrasiyanın vacib enerji və nəqliyyat qovşağına çevrilib".