Bu gün rəsmi Bakı bütün sahələrdə öz sözünü deyə bilən aktora çevrilib- ÖZƏL
4 İyun 2025 11:50 Siyasət"Bütün dünya bilir ki, Ermənistan otuz ilə yaxın işğal altında saxladığı Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yalnız tarixi və müasir tikililəri, infrastrukturları dağıdaraq yerlə yeksan etməyib, həm də həmin ərazilərin təbiətini məhv edib. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu işğal altından olan torpaqlarımızı azad etmişdir. Hazırda həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib: "Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 30-cu Yubiley "Baku Energy Forum"unda çıxışında dövlətimizin başçısı qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin "yaşıl enerji" zonası kimi inkişafı isə dayanıqlı enerji strategiyasının əsas istiqamətidir. Uğurlu strateji yanaşmalar enerji sektorunda Azərbaycanın davamlı inkişafı üçün yeni imkanlar yaradır. Həyata keçirilən təşəbbüslər, həmçinin ətraf mühitin qorunmasına məsuliyyətli münasibətimizi və enerji sahəsində liderlik iddiamızı əks etdirir.
Dünyanın ən böyük və ən mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin daha bir əlamətdar qələbəsidir. Bu, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və Təhlükəsizlik Şurasına üzv olmasından sonra Azərbaycan dövlətinin xarici siyasətinin ən böyük uğurudur. Hər beynəlxalq tədbirin təşkili Azərbaycanın nüfuzunu bir az da artırır. Təsadüfi deyil ki, bu gün rəsmi Bakı bütün sahələrdə öz sözünü deyə bilən aktora çevrilib".