Ölkəmizə inam və etibarın göstəricisi- ÖZƏL

"Ölkəmizdə iyunun 2-dən başlayaraq Bakı Enerji Həftəsi keçirilir. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir. Bunlar 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 30-cu Yubiley "Baku Energy Forum"u dur". "OLaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib: "Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Bakı Enerji Həftəsi sənaye liderləri və innovatorlar üçün çox vacib bir tədbirdir. Belə ki, Bakı Enerji Həftəsi regionun aparıcı liderlərinin və dünya miqyasında enerji sektorunun ən önəmli iştirakçılarının bir araya gələrək, mühüm məsələləri müzakirə etdiyi və əhəmiyyətli qərarlar verdiyi effektiv bir platformadır. 
Bu il tədbirdə 39 ölkədən 267 şirkətin iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Ölkələr arasında Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Şimali İrlandiya, Bolqarıstan, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İsrail, İsveçrə, İtaliya, Qazaxıstan, Qvineya-Bisau, Lüksemburq, Macarıstan, Misir, Monako, Niderland, Norveç, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya iştirak edir. Almaniya Federativ Respublikası Milli pavilyon ilə iştirak edir.
Azərbaycanın iqtisadi müstəqilliyi möhkəmləndikcə, xarici dövlətlərin onun zəngin neft yataqlarına maraqları daha da artır. "Caspian Oil and Gas" sərgisi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsinin karbohidrogen yataqlarının genişmiqyaslı işlənilməsi üzrə yeni istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində təsis edilib və "Caspian Oil and Gas" sərgisinin tarixi də məhz o vaxtdan başlayır. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyev Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəklədi və o vaxtdan etibarən, "Caspian Oil and Gas" sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrildi. Xəzər dənizində neft-qaz hasilatına dair hər il Bakıda Beynəlxalq sərgi və konfranslar keçirilir. Bu sərgilərdə dünyanın bir çox ölkəsinin, o cümlədən Azərbaycanın neft və qaz hasilatı ilə, neft-mədən avadanlığı istehsalı ilə məşğul olan bir çox şirkətlər yaxından iştirak edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir. Ölkə başçısının Bakı Enerji Həftəsinin açılış mərasimindəki dərin məzmunlu çıxışı, enerji strategiyası ilə bağlı səsləndirdiyi fikirlər ölkəmizin ənənəvi, habelə bərpa olunan enerjinin ixracı sahəsində zəngin potensialının dünyaya təqdimatı, qarşıya qoyduğu hədəflərlə bağlı dolğun təsəvvürlərin formalaşdırılması baxımından diqqəti xüsusilə cəlb edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31