Azərbaycan həm də alternativ enerji ixracatçısı qismində çıxış edir- ÖZƏL
4 İyun 11:23 Siyasət"Bu gün Avropa dövlətləri təbii qazla bağlı yeni imkanlar axtarışındadır. Burada isə ən önəmli ölkələrdən biri Azərbaycandır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Təsadüfi deyil ki, Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 30-cu Yubiley "Baku Energy Forum"una qatılan xarici qonaqlar Azərbaycanın enerji sahəsində Aİ-nin güclü tərəfdaşı olduğunu bəyan edib. Eləcə də, Cənub Qaz Dəhlizinin Avropa ölkələri və region üçün əhəmiyyəti qeyd edilib, Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına nəql edilən qazın artırılmasında Azərbaycanın göstərdiyi səyləri yüksək qiymətləndirilib. Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır, Cənub Qaz Dəhlizi isə qitənin qaz təchizatının təhlükəsizliyi baxımından çox vacib layihədir. Artıq Azərbaycan dünyanın 12 ölkəsinə qaz ixrac edir ki, 10-u Avropanı təmsil edir. Bir sözlə, bütün dünya Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirir. Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişləndirilməsinə və Avropaya Azərbaycan qazının tədarükünün artırılmasına çalışır. Bütün bunlar isə Azərbaycanın beynəlxalq müstəvidə rolunun daha da artdığını bir daha təsdiqləyir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatıb. Ölkəmiz hasilatı artırmaq niyyətindədir və 2030-cu ilədək qaz ixracının 8 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur.
Digər tərəfdən isə, Azərbaycan alternativ enerji ixracatçısı qismində çıxış edir. Artıq bu istiqamətdə praktiki addımlar atılır. Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, ölkəmiz 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq. Bu da Azərbaycanın ümumi enerji istehsalının 35 faizdən çoxunu təşkil edəcək. Bu prosesdə Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji potensialından da səmərəli istifadə olunacaq".