"Fransa Gorusda, Rusiya qəzəbdə: Cənubi Qafqazda yeni geosiyasi gərginlik"- ÖZƏL
3 İyun 16:22 SiyasətFransanın Gorusda konsulluq açması Moskva-İrəvan xəttində gərginliyi artırıb. Rusiya Qafanda öz konsulluğuna yer ayrılmamasına görə etiraz edir və cavab addımı kimi Rostovdakı Ermənistan konsulluğunu bağlamağı nəzərdən keçirir.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib. Politoloq bildirib ki, Fransanın Gorusda konsulluq açması regionun güc balansına birbaşa siyasi mesajdır:
"Fransa kimi açıq şəkildə anti-Rusiya və eyni zamanda anti-Türkiyə ritorikası ilə çıxış edən bir dövlətin Ermənistanın ən həssas bölgəsində Zəngəzurda diplomatik nümayəndəlik açması regionun güc balansına birbaşa siyasi mesajdır.
Fransa uzun müddətdir ki, Cənubi Qafqazda möhkəmlənmək və Azərbaycan-Türkiyə tandemini zəiflətmək üçün İrəvanı əsas platforma kimi istifadə etməyə çalışır. Paris, bu kontekstdə Ermənistana həm siyasi dəstək, həm hərbi məsləhət, həm də diplomatik "qalxan" verməyə çalışır.
Gorusda konsulluğun açılması sadəcə diplomatik təmsilçilik deyil, Fransanın Ermənistan üzərindən Cənubi Qafqaz siyasətinə birbaşa daxil olmasının təsdiqidir. Bu addım, eyni zamanda Azərbaycanın Zəngəzur dəhlizi planlarına qarşı yönəlmiş yumşaq güc vasitəsidir. Yəni bu bir konsulluqla bərabər, siyasi mövqe bəyanatıdır.
Digər tərəfdən, məsələ Rusiya-Ermənistan münasibətləri fonunda daha da kritik xarakter alır. Məlumdur ki, Rusiya 2023-cü ildən bu yana Ermənistanın Qafan şəhərində konsulluq açmaq istəyir, lakin rəsmi İrəvan bu prosesi ya texniki səbəblərlə, ya da siyasi vasitələrlə davamlı şəkildə ləngidir.
Lavrovun son İrəvan səfərində Paşinyanla bu məsələ ətrafında gərgin dialoq yaşanması və Rusiya tərəfinin Ermənistanın Rostovdakı konsulluğunun bağlanmasını gündəmə gətirməsi, artıq Moskvanın səbir kasasının dolduğunu göstərir.
Zəngəzur bölgəsi Ermənistan üçün sadəcə coğrafi yox, həm də siyasi, iqtisadi və təhlükəsizlik baxımından həyatidir. Azərbaycanla sərhəddə yerləşən və Naxçıvanla Zəngilan arasında yerləşən bu ərazi, həm Rusiya üçün, həm də Azərbaycan və Türkiyə üçün strateji mərkəz sayılır. İrəvanın bu ərazidə Rusiya deyil, Fransa konsulluğuna yer ayırması şüurlu geosiyasi manevrdir.
Bununla belə Rusiya üçün Cənubi Qafqaz xüsusilə Ermənistan "yumşaq qarın" rolunu oynayır. Yəni bu bölgədəki geosiyasi sürüşmələr birbaşa Moskvanın Cənubi Qafqazdakı təsirini zəiflədir. Ermənistan isə artıq bu sürüşməyə açıq şəkildə yol verir. Bu gedişat Paşinyan üçün iki ehtimalı ehtiva edir:
1. Qərbə inteqrasiyanı sürətləndirmək;
2. Rusiya ilə münasibətləri soyuq səviyyədə saxlayaraq, onun təsirindən sıyrılmaq.
Lakin Ermənistan üçün bu gedişatlar eyni zamanda ciddi risklər doğurur. Çünki nə Fransa, nə də digər Qərb aktorları, Moskvanın regionda tətbiq etdiyi real və sərt təhlükəsizlik zəmanətlərini 100% əvəz edə bilər.
Rusiya bu kimi manevrlərə qarşı adətən simmetrik və tədrici cavablar verir. Konsulluq məsələsində İrəvanın inadkarlığı davam edərsə, Moskva Ermənistanın Rusiyadakı konsulluqlarının fəaliyyətini məhdudlaşdıra, iqtisadi rıçaqlardan istifadə edə bilər".
Zeynəb Mustafazadə